Çin: İrana baha başa gələcək proses gedir

Avropa İttifaqının (Aİ) SEPAH-ı terror təşkilatı kimi tanımaq qərarından sonra İran İslam Respublikasının vəziyyəti daha da ağırlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Çin hökumətinə bağlı “Paper” internet nəşri yazıb.

Bildirilib ki, Aİ-nin bu qərarı diplomatik-siyasi səviyyədə ABŞ və İsrailin İrana qarşı təzyiq və genişmiqyaslı hərbi tədbirləri tamamlayır. Nəticədə Tehran ABŞ-Aİ- İsrail oxu ilə qarşıdurmada daha da təcrid olunub və bir qədər də müdafiə mövqeyə çəkilib.

Çin nəşri təhlilində İran hakimiyyətinin son dərəcə çətin iki seçim qarşısında qaldığını qeyd edib: ya mövcud siyasətini davam etdirmək və bunun nəticəsi olaraq müharibə və təcridi qəbul etmək, ya da nüvə materiallarının təhvil verilməsindən tutmuş ballistik raket proqramının dayandırılmasına və proksi qüvvələrlə əlaqələrin kəsilməsinə qədər böyük və real güzəştlərə getmək. Mənbə hesab edir ki, bu güzəştlər daxildə İran rejiminə baha başa gələcək.

“Hazırda top İran İslam Respublikasının meydanındadır”, - nəşr əlavə edib.