ABŞ-İsrail-İran müharibəsi davam edir və bölgədə gərginlik daha da artır.
Sherg.az xəbər verir ki, İranın Şiraz yaxınlığında vurduğu Çin istehsalı Wing Loong II tipli pilotsuz uçuş aparatı (PUA) ilə bağlı iddialar, Səudiyyə Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müharibəyə birbaşa qatılıb-qatılmadığı suallarını gündəmə gətirib.
Əvvəlcə vurulan dronun ABŞ-yə məxsus MQ-9 Reaper olduğu bildirilmişdi. Lakin aparılan araşdırmalar göstərib ki, vurulan aparat Çin istehsalı Wing Loong II-dir və bu tip dronlar həm Səudiyyə Ərəbistanın, həm də BƏƏ-nin inventarında mövcuddur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bekayi bildirib ki, dronun qalıqları bu ölkələrin İran xalqına qarşı hücumlarda iştirakının yeni sübutu ola bilər. O, Səudiyyə Ərəbistan və BƏƏ-ni bununla bağlı açıqlama verməyə çağırıb.
Analitiklər qeyd edir ki, əgər dron bu ölkələr tərəfindən istifadə olunubsa, bu, onların müharibəyə verdiyi dəstəyin artdığını göstərir. Eyni zamanda, Səudiyyə Ərəbistanın ABŞ-yə hava sahəsini və Kral Fahd hərbi bazasını geniş istifadə üçün açması da diqqət çəkir.
Hadisə, bölgədəki münaqişənin miqyasının artması və Körfəz ölkələrinin İranla müharibədə iştirakına dair şübhələri gücləndirib.