“Böyük şəhərlərdə, xüsusən də Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərdə tikinti-quraşdırma işlərinin nizamsız aparılması bir neçə üst-üstə düşən problemləri ortaya çıxarır. İlk növbədə, bir çox tikinti şirkətləri, xüsusilə də bu beton tökmə, örtük işləri və digər səs-küyə səbəb olan işləri, əməliyyatları bazar günləri, bayram günləri və gecə saatlarında həyata keçirirlər. Bu da nəticə etibarilə vətəndaşların, sakinlərin istirahət hüququnu pozur. Və istirahət edə bilməyən sakin vətəndaş da istər-istəməz məhsuldar olmur, yaxşı iş görə bilmir”.
Teleqraf xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakı, Gəncə, Sumqayıt və diğer böyük şəhərlərdə tikinti işləri zamanı xarici quraşdırılan qurğular, əsasən də havalandırma sistemləri, istilik sistemlərinin ətrafa buraxdığı o səsin, küyün, fon səslərinin desibeli və ümumilikdə verdiyi o maneə demək olar ki, qanunvericilikdə öz əksini tapmayıb.
“Düzdür, fərmanda üstüörtülü bu məsələlərə toxunulur, ancaq açıq deyil, yeni dövrün tələblərinə cavab vermir. Bu da nəticə etibarilə özümüzün də xəbərimiz olmadan çox böyük mənfi təsir göstərir”, - o vurğulayıb.
Deputat əlavə edib ki, artıq son 20 ildir dünyada şəhərlərin səs indikatoru üzrə desibel məsələləri artıq çox ciddi şəkildə araşdırılır: “Bizdə isə bu məsələlərə ciddi yanaşılmır. Digər tərəfdən tikinti şirkətləri daşıdıqları materialların üzərini örtmədiyi üçün ətrafa çoxlu toz buraxırlar və digər tikinti işlərini həyata keçirəndə də doğru-düzgün hasarlama aparmadıqları üçün havanı çirkləndirirlər. Bu məsələlərə də çox təəssüf olsun ki, doğru yanaşma yoxdur. Ən böyük problem qurumlar arasında bu problemi aradan qaldırmaq üçün heç bir koordinasiya sisteminin olmamasıdır. Hansı quruma bu şikayəti deyirsən, bir-birinin üzərindən atır və deyilər ki "bizim səlahiyyətlərimiz çərçivəsində deyil". Ekologiya Nazirliyindən tutmuş Şəhərsalma Komitəsi və digər qurumlar, hansı ki, Bələdiyyə, İcra Hakimiyyəti – hərəsi bir-birinin üstünə atır. 24 saat bu dediyim məsələlərə nəzarət eləyən işçi qrupu da yoxdur. Yaxud dediyim kimi səsi və digər məsələləri ölçə biləcək nə cihazları var, nə də ki can yandırırlar. Cərimələr də çox kiçikdir və cərimələri də tikinti şirkətləri dediyi kimi ildə 2 dəfə, 3 dəfə "gəl məni cərimələ" – adi bir xərc kimi qəbul eləyir. Bu cərimələr də tikinti şirkətlərinə heç nə eləmir. Nəticə etibarilə biz və vətəndaşlar itiririk, şəhərimiz daha səsli-küylü olur, şəhərimiz daha tozlu olur. Böyük şəhərlərdə də bu problem günü-gündən artır”.
N. Həmzəyev bu məsələlərlə bağlı Mili Məclisdə dinləmə keçirilməsini təklif edib.