" ABŞ-İsrail-İran qarşıdurmasının taleyi Hörmüz boğazının açılması və İranın iqtisadi arteriyası sayılan Xarq adasının kimin nəzarətində qalmasından asılı olacaq"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranla aparılan danışıqların mövcud olduğunu açıqlasa da, Tehran bunu qəti şəkildə inkar edir. Siyasi ekspertlər isə tərəflər arasında dialoq və məhdud müzakirələrin davam etdiyi qənaətindədir. Lakin ABŞ-ın İran ərazisində, xüsusən Xarq adası və Hörmüz Boğazı ətrafında quru əməliyyatlar keçirməsi ilə bağlı yayılan iddialar müharibənin gedişi ilə bağlı müəyyən suallar doğurur.
Qeyd edək ki, ABŞ prezidenti diplomatik danışıqlarda nəticə əldə edildiyinə işarə edib: “İranla müzakirələrdə olduqca yaxşı irəlilədiyimizi deyə bilərəm, lakin onlarla nə baş verəcəyini əsla bilmək olmaz. Biz onlarla müzakirə aparırıq, sonra isə onları havaya uçurmalı oluruq.” O həmçinin İrandakı hakimiyyət dəyişikliyinə diqqət çəkərək bildirib: “Artıq bu ölkədə rejim dəyişib və köhnə rəhbərlikdən kimsə qalmayıb. İndi müzakirə apardığımız şəxslər əvvəlki idarəçilərdən tamamilə fərqli simalardır.”
Noyabr ayında Konqresdə aralıq seçkilərinin keçiriləcəyini xatırladan Politoloq Natiq Miri Sherg.az-a Donald Trampın müharibəni uzatmaq niyyətində olmadığını deyib. Politoloq hesab edir ki, ABŞ prezidentinin İranla bağlı qarşıdurmada qarşıya qoyduğu hədəflərə çata bilməməsi, İranın nüvə planının hələ də qalması, ballistik raket və dronlardan istifadə edərək bütün region ölkələrinə təhlükə yaratma qabiliyyətinin mövcudluğu həm İsrail, həm də ABŞ adına məğlubiyyətdir: “Belə bir məğlubiyyəti ABŞ ictimaiyyətinə anlatmaq mümkün deyil. Bu baxımdan Donald Tramp müharibənin uzun sürməsini istəmir. Hazırda bir tərəfdən Pakistanın, digər tərəfdə Türkiyənin vasitəçiliyi ilə ABŞ-İran arasında danışıqlara təşəbbüs edilsə də, Amerika Birləşmiş Ştatlarının təqdim etdiyi şərtlərin İran tərəfindən qəbul ediləcəyi inandırıcı görünmür. Hesab edirəm ki, ABŞ-İsrail-İran qarşıdurmasının taleyi Hörmüz boğazının açılması və İranın iqtisadi arteriyası sayılan Xarq adasının kimin nəzarətində qalmasından asılı olacaq. Yəni Xarq adasına və Hörmüz boğazına kim nəzarət edəcəksə, bu qarşıdurmada qalib də o olacaq. Bu baxımdan, yaxın günlərdə quru əməliyyatlarının həyata keçirilməsi də istisna deyil. İndiki vəziyyətdə də diplomatik danışıqlar aparılması görüntüsü yaratmaqla, düşünürəm ki, Donald Tramp quru əməliyyatlarının keçirilməsi ilə bağlı hazırlıqları da tamamlamaq istəyir".