- İndiyədək Rusiyanın siyasi və hərbi təcrübəsi göstərir ki, belə hallarda rəsmi Kreml güzəşt yolunu seçmir
- Əksinə, daxili siyasi təzyiqlərin təsiri ilə daha sərt mövqe nümayiş etdirməyə can atır. İntensivləşən zərbələr tezliklə atəşkəsin olacağından xəbər vermir
Yaxın Şərqdə imzalanan memoranduma əsasən müharibə dayansa da, Şərqi Avropada vəziyyət çıxılmaz həddə çatıb. Ukrayna ordusu 4 ildə ilk dəfə Rusiyanın paytaxtı Moskvaya genişmiqyaslı hücumlar həyata keçirib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində ölkə ərazisində təxminən 1000 pilotsuz uçuş aparatı və Ukraynaya məxsus dörd qanadlı raket hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Sosial mediada yayılan görüntülərdə bombardmana məruz qalan ərazilər sanki cəhənnəmi xatırladır. Hədəfə alınan nöqtələr, Rusiya prezidentinin rəsmi iş yeri olan Kreml Sarayına təxminən 15 kilometr yaxınlıqda yerləşib. Bir neçə gün öncə, Vladimir Putini danışıqlara çağıran Zelenskinin hücumları intensivləşdirməsinə səbəb nədir?
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, Ukraynanın Moskva istiqamətində həyata keçirdiyi dron hücumları hərbi və siyasi baxımdan diqqətçəkən hadisədir:
“Ukraynanın birbaşa Moskva istiqamətində zərbələr həyata keçirməsinin bir neçə səbəbi var. İlk növbədə, bu cür əməliyyatlar Rusiyanın müharibəni yalnız Ukrayna ərazisində gedən lokal proses kimi təqdim etməsinə qarşı yönəlmiş simvolik cavab xarakteri daşıyır. Moskva, Rusiya dövlət idarəçiliyinin, siyasi hakimiyyətin və hərbi qərarvermənin mərkəzidir. Paytaxt ətrafındakı təhlükəsizlik boşluqlarının ifşa olunması, Ukrayna üçün mühüm informasiya və psixoloji üstünlük formalaşdırır. Digər məqsəd, Rusiyanın hərbi-logistika imkanlarına və iqtisadi gücünə təsir göstərməkdir”.
Politoloqun sözlərinə görə, neft emalı zavodları və enerji infrastrukturu ilə bağlı obyektlər müharibə zamanı strateji əhəmiyyət daşıyır:
“Üstəlik neft və enerji məhsulları Rusiya üçün vacib olan maliyyə imkanlarını təmin edir. Odur ki, belə obyektləri bombalamaq, Rusiya ordusunun təminat zəncirinə təzyiq göstərmək və maliyyə imkanlarını zəiflətmək cəhdi kimi də qiymətləndirilə bilər. Ukrayna Rusiyanı dron yağışı ilə boğmaqla, uzaqmənzilli zərbə imkanlarına sahib olduqlarını və Rusiya ərazisinin də müharibənin nəticələrindən kənarda qalmayacağını diqtə etməyə çalışır. Bu addım həm ölkə daxilində müqavimət əzmini gücləndirmək, həm də beynəlxalq tərəfdaşlara Ukraynaya hərbi dəstəyin davam etdirilməsinin vacibliyini göstərmək məqsədi daşıyır”.
R.Bayramov qeyd edib ki, zərbələrin Putini atəşkəsə yaxınlaşmağa vadar edəcəyini söyləmək çətindir:
“Təbii ki, müharibənin Rusiyanın dərinliklərinə qədər gedib çıxması, ölkə daxilində təzyiq mexanizmlərinin artırmasına səbəb olur. Lakin indiyədək Rusiyanın siyasi və hərbi təcrübəsi göstərir ki, belə hallarda rəsmi Kreml güzəşt yolunu seçmir. Əksinə, daxili siyasi təzyiqlərin təsiri ilə daha sərt mövqe nümayiş etdirməyə can atır. İntensivləşən zərbələr tezliklə atəşkəsin olacağından xəbər vermir. Çünki atəşkəsə dair qərarın qəbul edilməsi tərəflərin hərbi-siyasi məqsədləri, diplomatik mövqeləri, iqtisadi imkanları və beynəlxalq aktorların təsirindən asılıdır”.