- Trampın apardığı savaş isə Amerikanın tam gücü və potensialı ilə apardığı müharibə deyil
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya gözlənilməz səfəri Vaşinqton-Moskva xəttində yeni diplomatik və təhlükəsizlik mesajlarının müzakirə olunduğu bir vaxtda baş verib. Retkliff Rusiya paytaxtında rusiyalı həmkarları ilə görüşüb, lakin onun Vladimir Putinlə birbaşa görüşmədiyi açıqlanıb.
ABŞ Prezidenti Donald Tramp səfəri “yarı-rutin” adlandırsa da, müxtəlif məlumatlarda Moskvanın Ukrayna müharibəsindəki mövqeyi, NATO-ya qarşı mümkün addımları və İranla əməkdaşlığı ilə bağlı məsələlərin gündəmdə olduğu bildirilir. Bu səfərin pərdəarxası məqsədləri ilə bağlı ziddiyyətli məlumatların ortaya çıxması diqqəti bir daha Rusiya-Ukrayna müharibəsinin ABŞ və Rusiya üçün yaratdığı strateji dalana yönəldib. CNN-in təhlilində Vladimir Putin və Donald Trampın fərqli miqyasda və fərqli şərtlərdə olsa da, başladıqları müharibələrdə gözlənilən nəticəni əldə etməkdə çətinlik çəkdikləri və geri addım atmağın siyasi baxımdan ciddi nəticələr doğura biləcəyi vurğulanır. Digər tərəfdən, ABŞ kəşfiyyatının Rusiyanın gələcəkdə NATO-nun iradəsini sınağa çəkə biləcəyi ilə bağlı narahatlıqlarının olduğu barədə məlumatlar da Retkliffin səfərinə əlavə məna qazandırır. Ukraynada müharibənin uzanması, dron və raket hücumlarının intensivləşməsi, Moskvanın hərbi məqsədlərinə tam nail ola bilməməsi və Kiyevin qeyri-ənənəvi döyüş imkanlarından effektiv istifadə etməsi müharibənin əvvəlindəki hərbi hesablamaların nə dərəcədə dəyişdiyini göstərir. Eyni zamanda, Vaşinqton üçün İran müharibəsinin yaratdığı yeni hərbi, iqtisadi və siyasi yük Ukrayna məsələsinin həllini daha da mürəkkəbləşdirir. ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi artırması fonunda Rusiyanın Tehranla münasibətləri də Vaşinqtonun hesablamalarında mühüm amilə çevrilir.
Politoloq Turan Rzayev Sherg.az-a söyləyib ki, bir qədər tərəddüdlü olsa da, burada Con Retkliffin yanaşması məntiqlidir:
“Rusiyanın indiki məqamda Ukrayna müharibəsində geri addım atması, geri çəkilməsi mümkün olan bir şey deyil. Buna artıq bir məna çıxarmaq lazımdır. Rusiya burada geri çəkilərsə, artıq asanlıqla Putin hakimiyyətini itirəcək. Trampın apardığı savaş isə Amerikanın tam gücü və potensialı ilə apardığı müharibə deyil. Orada daha çox məhdud səviyyədə, kontingentlə müharibə gedir. Amerika ordusu İranı çoxdan məhv edə bilərdi, onun belə bir müharibə aparmasına ehtiyac yoxdur. O baxımdan da məsələlər arasında müəyyən fərqlər var. Necə ki, ABŞ Rusiyanı Ukrayna bataqlığına çəkdi və burada faktiki olaraq resurs-tükətmə müharibəsi aparır, eyni qaydada Amerikanın İrana müdaxiləsi fonunda Çinin baxışı da var. Yəni Çin də Amerikanın İran bataqlığına salınmasında maraqlıdır. Buradakı əsas fərq ondan ibarətdir ki, Amerika hələ Rusiya kimi dərinə saplanmayıb. İstədiyi vaxt geri addım ata bilər və buna görə də ona ciddi təzyiq göstərmək mümkün deyil. Məncə, ortadakı əsas fərq bundan ibarətdir. Yəni, situasiyalar bir-birinə çox bənzəsə də, fərqli məqamları da var. Digər tərəfdən Rusiyanın müharibəni bir mənada uduzduğunu demək çox tezdir. Rusiya özü də tam potensialı ilə müharibə aparsa, məncə, bu, Ukrayna üçün həddən artıq dağıdıcı ola bilər. Hələlik Rusiya özü də ehtiyatlı yanaşır və tam müharibəyə girişməyib”.