Prezident Ərdoğana və xarici işlər naziri Hakan Fidana olan maraq olduqca yüksəkdir
Dünya mürəkkəb və qeyri-müəyyən geosiyasi mərhələdən keçir. Bu reallıq fonunda keçirilən Antalya Diplomatiya Forumu qlobal güc balanslarının yenidən dəyərləndirildiyi mühüm platformaya çevrildi. Forumda iştirak edən dünya liderləri və rəsmiləri bu tədbiri yüksək qiymətləndirdilər.
Antalya Diplomatiya Forumunda iştirak edən Beynəlxalq Münasibətlər və Siyasət üzrə mütəxəssis Dr.Ufuk Necat Taşçı fikirlərini Sherg.az-la bölüşüb:
"Dünyanın son dərəcə həssas bir prosesdən keçdiyi günlərdəyik. Bu çərçivədə Antalya Diplomatiya Forumu (ADF) da bu il mərkəzinə sözügedən reallığı aldı. 17-19 aprel 2026-cı il tarixləri “Sabahı formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə” mövzusu altında keçirildi. Mövzudan da göründüyü kimi, regionun və davamında dünyanın böyük bir qeyri-müəyyənlik dövründən keçdiyi reallığını mərkəzə alan təşkilatlanma müşahidə etdik.
Onlarla ölkənin dövlət başçıları, xarici işlər nazirləri və digər nazirlər, akademiklər və media qurumları orada idi. ABŞ-nin əsas hədəfi Çinə olan addımlarının yaratdığı soyuq müharibə tipli mühit və İsrailin Yaxın Şərqdə izlədiyi genişlənməyə yönəlik, soyqırım xarakterli siyasətlər fonunda hər kəsin Antalyada həll yolu tapmaq ümidində olduğunu müşahidə etdim. Xüsusilə keçirilən ikitərəfli görüşlər və panellər Türkiyənin gündəm müəyyən etmə gücünü göstərirdi".
Analitik vurğulayıb ki, Prezident Ərdoğana və Xarici İşlər Naziri Fidana olan maraq olduqca yüksək olub:
"ABŞ siyasətinin daha da aqressivləşdiyi, ABŞ-Avropa arasında fikir ayrılığının dərinləşdiyi, ABŞ-Çin rəqabətinin bir çox coğrafiyada hiss olunduğu və İsrail səbəbilə bölgədə xaosun yayıldığı bir dövrdəyik. Bu dövrdə Türkiyə sanki iştirakçıların təhlükəsiz liman axtarışına cavab verdi. Antalya Diplomatiya Forumu çərçivəsində bu hissin qarşılıq tapdığını demək olar.
Həm ABŞ-yə, həm də Çinə müxtəlif səbəblərlə güvənə bilməyən ölkələrin şərəfli, ədalətli və bərabərhüquqlu üçüncü yol axtardığını bilirik. Hərbi və siyasi potensialı getdikcə artan, dünyanın ən mürəkkəb problemlərində oynadığı rol ilə vasitəçilik kimliyi daha da möhkəmlənən Türkiyəni bir çox ölkənin yeni diplomatik həll mərkəzi kimi gördüyünü anladıq".
Politoloq bildirib ki, Türkiyə hazırda yalnız Yaxın Şərqdə deyil, Avropada, Cənubi Qafqazda, Şərqi Aralıq dənizində və Afrikada sabitləşdirici aktor kimliyinə sahibdir:
"Bunun azırda içində olduğumuz qarışıq geosiyasi şəraitdə özünə getdikcə daha çox qarşılıq tapdığını görürük. Antalya Diplomatiya Forumu, Prezident Ərdoğanın rəhbərliyi ilə illərdir davam etdirilən uğurlu siyasətin ən konkret təzahürü kimi qiymətləndirilə bilər".