“Ukrayna Rusiya ilə sülh sazişi imzalamağa və hərbi əməliyyatları mövcud təmas xətti boyunca dayandırmağa hazırdır. Bununla belə, Kiyev müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımağa razılaşmayacaq”.
Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “ABC News”a müsahibəsində deyib.
Sülh sazişi əldə etmək üçün Ukraynanın ərazisinin 25 faizindən imtina etməsi ehtimalını şərh edən Zelenski Rusiya qoşunlarının ölkə ərazisinin daha az hissəsinə nəzarət etdiyini vurğulayıb:
“Onlar ərazimizin 25 faizini işğal etməyiblər. Kimsə 25 faizdən danışanda bu, bizim Donbasdakı ərazilərimizdən özümüzün geri çəkilməli olduğumuz anlamına gəlir. Bu isə onların ərazimizin 25 faizinə nəzarət etməsi demək olardı. Hazırda onlar 19,3 faizə nəzarət edirlər”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna müharibəni mümkün qədər tez başa çatdırmağa və münaqişəni mövcud cəbhə xətti boyunca dondurmağa hazırdır. Lakin bu, Kiyevin ələ keçirilmiş əraziləri hüquqi baxımdan Rusiya ərazisi kimi tanıması demək deyil.
ABŞ ilə münasibətlərdən danışan Ukrayna Prezidenti Vaşinqtonun dəstəyinin çatışmadığını hiss etdiyini etiraf edib.
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin münasibətlərini şərh edən Zelenski amerikalı liderin Rusiya Prezidenti ilə “dost” olmaq qərarının onun şəxsi seçimi olduğunu bildirib.