"Vasitəçilər yox, üz-üzə dialoq nəticə verə bilər”
Fevralın 6-da ABŞ və İran arasında uzun müddətdir gözlənilən nüvə görüşü keçiriləcək. Danışıqların mərkəzində İranın nüvə proqramı dayanır. Lakin ABŞ əlavə regional və təhlükəsizlik məsələlərini də müzakirəyə çıxarmaq istəyir.
Ziddiyyətə baxmayaraq, tərəflər birbaşa dialoqa hazır olduqlarını bildiriblər və beynəlxalq vasitəçilər prosesin irəliləməsi üçün səylər göstərir.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a sabah baş tutacaq görüş barəsində proqnozlarını verib:
"Nəhayət görüş sabah baş tutacaq. Son bir həftə ərzində proses çox dalğalı idi. Əvvəl görüş ləğv olundu, sonra isə təxminən 9 ölkənin Trampla əlaqə saxlamasından sonra yenidən gündəmə gəldi.
ABŞ yalnız nüvə məsələsini deyil, həm də İranın raket proqramını, regional “proksi” qüvvələri və ölkədaxili etirazları müzakirəyə çıxarmaq istəyir. İran isə açıq şəkildə bildirir ki, yalnız nüvə sazişi barədə danışmağa hazırdır. Tehran bunun qarşılığında sanksiyaların dayandırılmasını tələb edir.
Əsas mübahisə zənginləşdirmə məsələsidir. ABŞ “sıfır zənginləşdirmə” mövqeyində dayanır, İran isə bunu qəti qəbul etmir. Hazırda İranın əlində təxminən 60% zənginləşdirilmiş uran ehtiyatı var ki, bu da ciddi narahatlıq yaradır".
Ekspert ABŞ-nin sözügedən mövqeyindən qismən geri çəkilmək ehtimalının olduğunu deyib:
"Bəzi təkliflərə görə, İran müəyyən müddət zənginləşdirməni dayandırsın, sonra isə 1-2% kimi aşağı səviyyədə davam etdirsin. Xatırladaq ki, əvvəlki nüvə sazişində maksimum 3,67% zənginləşdirməyə icazə verilirdi. Tramp həmin sazişdən çıxdıqdan sonra vəziyyət kəskin dəyişdi.
Digər bir variant regional konsorsium yaradılmasıdır. Bu, İranın, bəzi ərəb ölkələrinin və ABŞ-nin iştirakı ilə zənginləşdirmə nəzarət altında həyata keçirilə bilər. İran bildirir ki, atom bombası istehsal etməyəcəyinə zəmanət verməyə hazırdır. Lakin zənginləşdirmənin tam dayandırılmasını qəbul etmir. Raket proqramı isə ümumiyyətlə müzakirə mövzusu deyil.
Hazırda vəziyyət son dərəcə kritikdir. ABŞ hərbi təzyiq göstərir, İran isə hazırlıqlı olduğunu bildirir. Bununla belə, Amerikada güclü bir fikir formalaşıb ki, yeni müharibə istənilmir. İraq və Əfqanıstan təcrübəsi, daxili problemlər, neft bazarı və Hörmüz boğazı riski Vaşinqtonu ehtiyatlı davranmağa məcbur edir. İsrail isə açıq şəkildə qarşıdurmanın tərəfdarıdır".
Sabiq səfir müharibə olmasa belə, gərginliyin davamının İran iqtisadiyyatına ciddi zərbə vuracağını vurğulayıb:
"Buna baxmayaraq, İran hakimiyyəti ABŞ qarşısında geri çəkilməyi özünə yaraşdırmır. Bu böhranın əsas səbəblərindən biri Trampın əvvəlki nüvə sazişindən çıxmasıdır. Əgər bu baş verməsəydi, bəlkə də bu gün ABŞ-İran münasibətləri xeyli normallaşmış olardı. Bayden dövründə də real irəliləyiş əldə edilmədi İran sanksiyalara baxmayaraq zənginləşdirməni 60%-ə çatdırdı, raket proqramını inkişaf etdirdi.
Region ölkələrinin böyük əksəriyyəti müharibə istəmir. Səudiyyə Ərəbistanı, Qətər və digər dövlətlər anlayırlar ki, genişmiqyaslı qarşıdurma bütün Yaxın Şərqi alova sala bilər.
Türkiyədən əvvəl də Oman, Rusiya, Qətər və digər ölkələr vasitəçilik edirdi. İndi də müəyyən səviyyədə vasitəçilər var. Hətta Pakistanın adı da gündəmə gəldi.
İran əvvəl birbaşa danışıqlara razı idi, sonra geri çəkildi və bildirdi ki, birbaşa danışmayacaq. İndi isə deyir ki, yalnız nüvə məsələsi müzakirə olunarsa, birbaşa dialoqa hazırdır".
Müsahibimiz qeyd edib ki, sabahkı görüşdə birbaşa danışıqların baş tutacağı gözlənilir:
"Proses bu şəkildə daha irəli gedə bilər. Vasitəçilərlə-“mən sənə deyim, sən ona ötür” prinsipi ilə problem həll olunmur. Bu, həm vaxt itkisidir, həm də fikirlərin təhrif olunmasına səbəb olur.
Əsl müzakirə tərəflərin üz-üzə oturması ilə mümkündür. Danışıqlarda təkcə söz yox, baxış, jest və bədən dili də rol oynayır. Bu baxımdan birbaşa dialoq prosesə müsbət təsir göstərə bilər.
İran görüşün Omanda keçirilməsini istəyib. Çünki ötən cümə İstanbul variantı gündəmə gələndə Tehran bunu qəbul etmədi. Səbəb ondan ibarət idi ki, ABŞ nüvə məsələsindən əlavə başqa mövzuları da gündəmə gətirmək istəyirdi və region ölkələrindən nümayəndələrin iştirakı planlaşdırılırdı.
İran isə yalnız ABŞ-la, başqa tərəflərsiz və sırf nüvə məsələsi üzrə danışmaq istəyir. Bundan əvvəl də beş dəfə Maskatda görüşlər keçirilib və yalnız bu mövzu müzakirə olunub. Tehran həmin formatın davamını üstün tutur.
Bu səbəbdən Türkiyə variantı kənara qoyuldu və danışıqlar yenidən Omanda keçirilməsinə qərar verildi".
Ə.Süleymani hazırda faktiki olaraq 9-10 ölkənin müxtəlif səviyyələrdə vasitəçilik etdiyini bildirib:
"Hamı öz imkanları daxilində prosesə töhfə verməyə çalışır. Ölkələr həm ABŞ ilə, həm bir-biri ilə, həm də İranla təmasdadırlar. Sadəcə görüş yeri Maskatdır və tərəflər orada üz-üzə danışırlar. İndi isə qalır gözləmək. Hər şey sabahkı görüşdən asılıdır. İnşallah, diplomatiya üstün gələr".