"Əl-Ərəbiyyə": Husilər Mokha limanına raketlər və onlarla dronla hücum ediblər

Yəməndəki "Ənsar Allah" hərəkatının husi üsyançıları Qırmızı dəniz sahilindəki Mokha limanına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.

Hərbi mənbənin sözlərinə görə, üsyançılar ölkənin qərb sahilindəki limana və mülki hədəflərə hücum etmək üçün raketlərdən, dronlardan və qayıqlardan istifadə ediblər. Hökumət qüvvələri buraxılan 44 drondan 15-ni vurmağı bacarıb.

Husilər həmçinin Bab əl-Məndəb boğazı yaxınlığında bir neft tankerinə hücum etməyə cəhd göstəriblər. Hücumda altı minalanmış qayıqdan istifadə edilib, onlardan üçü ələ keçirilib. Vəhc sahillərində hücumun dəf edilməsi zamanı səkkiz husi döyüşçüsü öldürülüb.

Buna cavab olaraq, hökumət qüvvələri qərb sahilindəki üsyançı mövqelərinə onlarla pilotsuz təyyarə hücumu həyata keçirib.