ABŞ hökuməti mülki dövlət idarələrinə Çinin "DeepSeek" süni intellekt xidmətini öz informasiya sistemlərindən tamamilə silməyi tapşırıb, eləcə də şirkətin məhsul və xidmətlərinin satın alınmasını qadağan edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yaydığı bildirişdə deyilir.
"Daxili təhlükəsizlik naziri mülki idarələrin informasiya sistemlərindən "DeepSeek" və onunla bağlı təşkilatların bütün məhsullarının silinməsini nəzərdə tutan sərəncam imzalayıb", - deyə məlumatda qeyd olunur.
Bundan əlavə, ABŞ-nin mülki idarələrinə "Hangzhou DeepSeek Artificial Intelligence Co. Ltd." şirkətindən hər hansı məhsul və ya xidmət əldə etmək rəsmən qadağan edilib.
Nazirliyin qənaətinə görə, "DeepSeek" modelləri çoxsaylı təhlükə vektorları yaradır. Qurum bəyan edib ki, bu məhsulun ABŞ hökumətinin əməkdaşları və ya podratçıları tərəfindən istifadəsi məxfi məlumatların Çinin sızmasına gətirib çıxara bilər. Həmçinin, xəbərdarlıqda süni intellekt modellərinin tərkibində zərərli proqram təminatı və ya digər kibertəhlükəsizlik zəifliklərinin ola biləcəyi vurğulanır.