Əliyevin Pezeşkiana təklifi: Bakı gərginliyin azaldılmasında açar rola çevrilir

Azərbaycan ABŞ-İran qarşıdurmasında maraqlı deyil, çünki mümkün müharibə regional təhlükəsizliyi təhdid edir. Ona görə, rəsmi Bakı gərginliyin aradan qalxmasına töhfə verməyə çalışır. Prezident İlham Əliyev də İran Prezidenti Məsud Pezeşkianla telefon söhbətində bu məsələni xüsusilə vurğuladı. Fikrimcə, Azərbaycan danışıqlar prosesində İsraillə razılaşmaların əldə edilməsinə töhfə verə bilər.

Bu sözləri Sherg.az-a açıqlamasında politoloq Asif Nərimanlı ABŞ və İran rəsmi nümayəndələrinin danışıqlarında Azərbaycanın mümkün rolunu şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ-İran danışıqlarında müəyyən nəticələrin əldə edilməsində İsrailin mövqeyi həlledicidir:

“Bu baxımdan, ABŞ-ın İsrailin tələblərini nəzərə almadan İranla razılaşma əldə etməsi çətin görünür, hətta belə bir razılaşma olarsa, bu, uzunmüddətli olmayacaq. Mövcud vəziyyətdə isə ABŞ və İsrail arasında İran məsələsinə yanaşmada fikir ayrılığı müşahidə edilir. İranın nüvə proqramına son qoyulması, proksi qüvvələrə dəstəyin aradan qaldırılması kimi məsələlərdə eyni mövqedən çıxış etsələr də, İran rejiminin gələcəyi ilə bağlı yanaşmalar fərqlənir.

Vaşinqton hərbi qüvvələrini İran ətrafına cəmləsə də, genişmiqyaslı müharibədə maraqlı deyil, ABŞ sadəcə hərbi təzyiqlə İran rejiminin təslim olmasına çalışır. Rejim ABŞ-ın tələbləri qarşısında müqavimət göstərsə də, iki şərtlə razılaşması mümkündür. Birincisi, İranın bütövlüyü, ikincisi, mövcud rejimin Trampın tələb etdiyi kimi, yeni liderin rəhbərliyi ilə mövcudluğunu saxlaması. Bu, İsrailin maraqlarına uyğun deyil.

Təl-Əviv İran rejiminin tarixin arxivinə getməsini istəyir, çünki “Vilayəti-Fəqih” ideologiyası qaldığı müddətdə Yaxın Şərqdə bu ideologiya ilə silahlanan qruplar mövcud olacaq və İsrailin təhlükəsizliyinə daim risklər yaranacaq. İsrail İranda muxtariyyətlərin yaradıldığı, mərkəzi hakimiyyətin zəif olduğu İraq sisteminin qurulmasında da maraqlıdır. Vaşinqton Təl-Əvivin istəklərini qəbul edir, lakin mövcud reallıqda buna nail olmağın yolu genişmiqyaslı müharibədən keçir, çünki İran rejimi döyüşmədən təslim olmayacaq. Məhz bu məqam İran məsələsinə yanaşmada ziddiyyətlər yaradır ki, bu da danışıqlarda nəticənin əldə olunmasına, yaxud kağız üzərində əldə oluna biləcək razılaşmaların praktikada reallaşmasına çətinlik yaradır”.

Politoloq hesab edir ki, Azərbaycan İranla bağlı danışıqlarda bütün tərəflər arasındakı ziddiyyətlərin aradan qaldırılmasına, ortaq məxrəcin tapılmasına töhfə verə bilər:

“İran məsələsində ABŞ və İsrail arasında fikir ayrılığının olduğu kimi, region ölkələrinin - Türkiyənin və ərəb dövlətlərinin də yanaşmaları fərqlidir. Ziddiyyətli məqamların müzakirə edilməsi və müharibənin qarşısının alınması üçün bütün tərəflərlə işləyə biləcək vasitəçiyə ehtiyac var. Azərbaycan bu prosesi üzərinə götürə bilər, çünki rəsmi Bakının qarşıdurmada yer alan bütün tərəflərlə yaxşı münasibətləri var”.