Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk politoloq Mübariz Əhmədoğlunun Gürcüstan azərbaycanlıları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib və bu yanaşmanı məsuliyyətsiz hesab etdiyini vurğulayıb.
Sherg.az xəbər verir ki, Elnur Eltürk illərdir siyasi təhlillər aparan, prosesləri yaxından izləyən bir şəxsin bu cür fikirlər səsləndirməsinin təəssüf doğurduğunu bildirib.
Ekspert qeyd edib ki, İranın Borçalı ilə bağlı siyasətini izləyir və Tehranın həmin bölgədə öz maraqlarına uyğun qüvvələrin formalaşdırılmasında maraqlı olduğu, bu istiqamətdə müəyyən fəaliyyət həyata keçirdiyi məlumdur. Lakin bu prosesləri ümumiləşdirərək hər kəsə şamil etmək, əsassız və məsuliyyətsiz fikirlər səsləndirmək doğru deyil. Onun sözlərinə görə, belə yanaşma obyektiv təhlildən daha çox emosional münasibətin ifadəsidir.
Elnur Eltürk vurğulayıb ki, Borçalı insanı mərdliyi, zəhmətkeşliyi və Azərbaycana olan böyük sevgisi ilə seçilir. O, özünün də dəfələrlə həmin bölgədə olduğunu, yerli insanların Azərbaycan məsələsinə necə həssas yanaşdıqlarının şəxsən şahidi olduğunu bildirib.
Ekspert fikirlərini konkret nümunə ilə əsaslandıraraq 2023-cü il dekabrın 24-də Gürcüstanın Marneuli rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan-Gürcüstan arasında mədəni əlaqələrin inkişafı” mövzusunda keçirilən konfransı xatırladıb.
Onun sözlərinə görə, Türk Ağsaqqalları Birliyi (TAİB) və Gürcüstanda fəaliyyət göstərən İnkişaf və Təhsil Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə yerli sakinlər böyük fəallıq nümayiş etdiriblər.
Yüzlərlə insanın iştirak etdiyi konfrans Borçalı azərbaycanlılarının Azərbaycanla bağlı məsələlərə nə qədər böyük diqqət və həssaslıqla yanaşdıqlarının, milli-mənəvi dəyərlərinə və tarixi köklərinə bağlılıqlarının bariz göstəricisi olub.
Elnur Eltürk hesab edir ki, Borçalı azərbaycanlıları haqqında fikir bildirərkən daha məsuliyyətli, obyektiv və həssas olmaq lazımdır. Ayrı-ayrı qüvvələrin fəaliyyətini bütöv bir icmaya şamil etmək nə siyasi təhlilə, nə də obyektiv yanaşmaya uyğundur.