İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İran arasında Qətər və Pakistanın vasitəçiliyi ilə aparılan danışıqların nəticələri barədə məlumat verib.
Onun sözlərinə görə, tərəflər İran nefti və neft-kimya məhsullarının ixracına tətbiq olunan məhdudiyyətlərin ləğvi, bəzi maliyyə aktivlərinin dondurulmasının aradan qaldırılması və ölkənin bərpası və inkişafı üzrə genişmiqyaslı proqramın başlanması barədə razılıq əldə ediblər.
Sherg.az xəbər verir ki, nazir X sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib:
“Pakistan və Qətər vasitəçilərinin yorulmaz səyləri Livanda müharibənin dayandırılması istiqamətində mühüm irəliləyişə səbəb olub. Neft və neft-kimya məhsullarının ixracına qoyulan məhdudiyyətlər ləğv edilib, blokada aradan qaldırılıb, bəzi aktivlər dondurulmuş vəziyyətdən çıxarılıb və İranın yenidən qurulması və inkişafı üçün geniş proqram işə salınıb”.
İsveçrədə ABŞ və İran nümayəndələri arasında vasitəçilərin iştirakı ilə keçirilən danışıqların birinci mərhələsi artıq başa çatıb. Tərəflər görüşü müsbət və konstruktiv qiymətləndiriblər. Məsləhətləşmələrin yekununda “ümidverici irəliləyiş” əldə olunduğu və texniki danışıqların davam etdirilməsi üçün xüsusi mexanizmin yaradıldığı bildirilib.
Xatırladaq ki, iyunun 18-nə keçən gecə ABŞ və İran qarşılıqlı anlaşma haqqında müvəqqəti memorandum imzalayıblar. Sənəd hərbi əməliyyatların dayandırılmasını və yeni danışıqlar mərhələsinin başlanmasını nəzərdə tutur. İsveçrədə keçirilməsi planlaşdırılan birbaşa görüş isə Livanda Hizbullah mövqelərinə endirilən yeni zərbələrdən sonra iki gün təxirə salınmışdı.