- İran rejimi daxili “xarizması”na dəyə biləcək ziyandan daha çox narahat olur, nəinki prosesin real mahiyyətindən...
İran və ABŞ, Qətər və Pakistanın vasitəçiliyi ilə 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb və gələcək texniki danışıqlar üçün xüsusi mexanizm yaradıblar.
Qətər və Pakistan Xarici İşlər nazirliklərinin İsveçrənin Bürgenştok şəhərində keçirilən yüksək səviyyəli danışıqların birinci mərhələsinin yekunlarına dair birgə bəyanatında bildirilib ki, görüşlər müsbət və konstruktiv atmosferdə keçib. Bununla paralel olaraq, prosesin koordinasiyası və təhlükəsizlik, o cümlədən sanksiyalar və nüvə proqramı kimi həssas məsələlərin müzakirəsi üçün yeni işçi qruplar formalaşdırılıb. Bundan əlavə, mümkün insidentlərin və anlaşılmazlıqların qarşısını almaq üçün xüsusi rabitə xətti yaradılıb. Bu xəttin əsas vəzifələrindən biri Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək olacaq. Tərəflər həmçinin Livanla birlikdə ölkə ərazisində hərbi əməliyyatların dayandırılması rejiminə nəzarət edəcək xüsusi koordinasiya qrupu yaratmaq barədə razılığa gəliblər. Bütün istiqamətlər üzrə texniki məsləhətləşmələr həftənin sonuna qədər Bürgenştokda davam edəcək. Vasitəçilər İran və ABŞ arasında yekun sazişin əldə olunması üçün danışıqlara dəstəyi davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, tərəflər arasında yaranan diplomatik gərginlik dünya mediasının diqqətindən kənar qalmayıb. "Haber Global"ın məlumatına görə, İranı təmsil edən XAN başçısı Abbas Əraqçi və Məclis spikeri Qalibaf görüşün keçirildiyi salonda ABŞ heyətinin üzvləri Vens, Vitkof və Kuşner ilə görüşməyiblər. Əraqçi Pakistanın baş naziri Şahbaz Şəriflə görüşdükdən sonra ABŞ heyətinə məhəl qoymadan salondan çıxıb.
Yaşanan gərginlik fonunda ABŞ- İran arasındakı danışıqlar prosesini şərh edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli Sherg.az-a bildirib ki, mediada qabardılan jestlərə və protokol gərginliyinə baxmayaraq, hazırkı mərhələdə danışıqların tam dayanması ehtimalı münasibətlərin yenidən kəskin eskalasiyasından daha aşağıdır. Deputatın sözlərinə görə, tərəflərin hər ikisinin masadan qalxmasının siyasi və iqtisadi qiyməti kifayət qədər yüksək ola bilər: 
“Əraqçinin ABŞ nümayəndə heyəti ilə birgə görüntüdən yayınması və ya salondan çıxması daha çox daxili auditoriyaya hesablanmış siyasi mesaj kimi görünür. İran rəhbərliyi davamlı sərt ritorik bəyanatlarından sonra ABŞ-la birbaşa dialoq görüntüsünün ölkə daxilində yarada biləcəyi reaksiyaları nəzərə almağa məcburdur. Xüsusilə nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələlərində geri çəkilmə olsa da belə, bununla bağlı ictimai rəydə təəssürat yaratmaq Tehranı müharibədən daha çox narahat edən amildir. İran rejimi daxili “xarizması”na dəyə biləcək ziyandan daha çox narahat olur, nəinki prosesin real mahiyyətindən...
Eyni zamanda nəzərə almaq lazımdır ki, İsveçrədəki görüşlər tamamilə uğursuz olmayıb. Pakistanın Baş naziri Şahbaz Şərif danışıqların konstruktiv keçdiyini, 60 günlük yol xəritəsi üzərində razılığın əldə olunduğunu və texniki danışıqların davam etdiriləcəyini açıqlayıb”.
E. Mirzəbəylinin fikrincə, bundan sonra tərəflər ictimai müstəvidə sərt bəyanatlar verməyə davam edəcəklər, lakin Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edəcək:
“ABŞ nüvə proqramı və regional təhlükəsizlik məsələlərində konkret öhdəliklər tələb edəcək, İran isə sanksiyaların yumşaldılması və maliyyə aktivlərinin açılması məsələsini ön plana çəkəcək. Bu ssenarinin reallaşma ehtimalını daha yüksəkdir. Nəticə olaraq, Əraqçinın davranışını danışıqların bitməsi kimi yox, danışıqlarda mövqe nümayişi və psixoloji təzyiq elementi kimi qiymətləndirərdim. Diplomatiyada bəzən birgə fotoşəkildən imtina etmək masa arxasından qalxmaq demək deyil. Əksinə, hazırkı mərhələdə görünən odur ki, tərəflər bir-birinə etibar etməsələr də, hələlik alternativlərinin münaqişə olduğunu bildikləri üçün dialoq kanalını açıq saxlamağa çalışırlar”.