Ərdoğan: Bölgəmiz və bəşəriyyət naminə bu razılaşmadan çox məmnunuq

"Bölgəmiz və bütün bəşəriyyət naminə töhfələrimizlə əldə edilən razılaşmadan çox məmnunuq. Ümid edirik ki, bu razılaşma bölgəmizdə davamlı sülh və sabitliyin bərqərar olması üçün yol açacaq".

Teleqraf xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, 28 fevralda İsrailin təhriki və təxribatı ilə başlayan müharibənin həlli istiqamətində ötən gün vacib bir addım atılıb: "Aylardır gərgin vəziyyətdə olan bölgəmiz rahat bir nəfəs aldı. Bildiyiniz kimi, Türkiyə olaraq, İrana hücumların ilk günündən bəri həmişə təmkinli, sakit və diplomatik mövqe tutmuşuq. Biz təxribatlara uymadıq. Ədalətdən imtina etmədik. Qonşuluq və qardaşlıq münasibətlərimizin pozulmasına imkan vermədik. Körfəzdəki müttəfiqlərimiz və qardaşlarımızla əməkdaşlıq içində hərəkət etdik. Biz müharibə alovuna yanacaq tökənlərdən deyil, sülh səsini ucaldanlardan idik. Qətər və Səudiyyə Ərəbistanı ilə birlikdə qardaş ölkəmiz Pakistanın vasitəçilik səylərinə çox güclü dəstək verdik. Bölgəmizi və bütün dünyanı fəlakət həddinə çatdıran bu böhranda, Allaha şükürlər olsun ki, vətəndaşlarımızdan heç biri zərər görmədi. Qardaşı qardaşa qarşı qoymaq planları məqsədinə çatmadı. Türklər, ərəblər, kürdlər və farslar arasında yeni nifaq alovlarını alovlandırmaq cəhdləri uğursuzluqla nəticələndi. Əlbəttə ki, bölgəmizdəki dəhşətli dağıntıları, məktəblərində qətlə yetirilən günahsız uşaqların faciəsini və beynəlxalq hüquqa açıq-aşkar etinasızlığı heç vaxt unutmayacağıq. Lakin inanırıq ki, günahsız uşaqlar da daxil olmaqla minlərlə mülki şəxsin həyatına son qoyan bu mənasız müharibə artıq başa çatıb. Bölgəmiz və bütün bəşəriyyət naminə əldə edilən razılaşmadan, töhfələrimizdən çox məmnunuq".