Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti Türkiyə Milli Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə edəcək.
Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
“Türkiyə Milli Təhlükəsizlik Şurası bu gün Cənubi Qafqazdakı vəziyyətlə bağlı növbəti iclasını keçirəcək. İclas Ərdoğanın sədrliyi ilə Beştəpədəki prezident sarayında keçiriləcək. Görüş iştirakçıları Cənubi Qafqazdakı son hadisələri, eləcə də digər aktual regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Həmçinin görüşdə ABŞ və İran arasında davam edən böhranın həlli üçün diplomatik səylərin, eləcə də Qara dənizdə naviqasiya təhlükəsizliyinin müzakirəsi planlaşdırılır. Gündəliyə Kiprdəki son hadisələr, Suriya və İraqdakı vəziyyət, İsrailin bölgədəki əməliyyatları və Rusiya-Ukrayna müharibəsi daxildir”, - məlumatda deyilib.