Ərdoğan-Putin görüşü İsrail və Yunanıstanı narahat etdi: “Növbəti nüvə hədəfi elan olundu”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Bişkekdə keçirilən görüşü İsrail və Yunanıstan mediasının da diqqət mərkəzində olub.

Sherg.az xəbər verir ki,  liderlərin görüşündə nüvə enerjisi ilə bağlı açıqlamalar xüsusilə diqqət çəkib. İsrail və Yunanıstan mediası Ankara-Moskva əməkdaşlığının yeni nüvə layihələri istiqamətində genişlənə biləcəyinə diqqət çəkib.

Görüş 90 dəqiqə davam edib

Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Zirvəsində iştirak etmək üçün getdiyi Qırğızıstanın paytaxtı Bişkekdə Vladimir Putinlə görüşüb.

Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov “Rossiyskaya qazeta”ya açıqlamasında iki liderin təxminən 1,5 saat təkbətək görüşdüyünü bildirib.

Görüşdən sonra Ərdoğan Rusiya-Türkiyə münasibətlərində “Akkuyu” Atom Elektrik Stansiyasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

“Hazırda artıq Akkuyu Atom Elektrik Stansiyasının tamamlanma mərhələsindəyik. İndi stansiyanın başa çatdırılmasını və açılışını gözləyirik. Çünki Akkuyu Atom Elektrik Stansiyasının istifadəyə verilməsi ilə yanaşı, yeni atom elektrik stansiyalarının inşası istiqamətində də növbəti addımları birlikdə atacağıq”, — Ərdoğan bildirib.

Putin isə Rusiyanın və Türkiyənin birgə layihələrinin həyata keçirilməsinin davam etdiyini vurğulayıb.

“Birgə layihələr həyata keçirilməkdə davam edir. Onlardan biri Akkuyu Atom Elektrik Stansiyasıdır. Siz bu il stansiyanın ilk enerji blokunun istismara verilməsi məqsədini qarşıya qoymusunuz. Belə də olacaq”, — Putin deyib.

İsrail mediası: “Növbəti hədəf elan edildi - yeni nüvə addımı”

Liderlərin açıqlamalarında nüvə enerjisinə xüsusi diqqət ayırması İsrail mediasının da diqqətindən yayınmayıb.

İsrailin “Maariv” qəzeti “Ərdoğan və Putinin növbəti hədəfi: yeni nüvə addımı” başlıqlı materialında iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mesajların verildiyini yazıb.

Nəşr Ərdoğan və Putinin Akkuyu Atom Elektrik Stansiyasına xüsusi diqqət yetirdiyini və əlavə nüvə elektrik stansiyalarının inşası istiqamətində yeni addımların atılacağını bildirdiyini qeyd edib.

“Maariv” həmçinin Akkuyu layihəsinin Türkiyə ilə Rusiya arasında iqtisadi və strateji əlaqələrin əsas dayaqlarından birinə çevrildiyini vurğulayıb.

Nəşr Ərdoğanın ŞƏT sammitində iştirakını da diqqətçəkən hadisə kimi qiymətləndirərək, Türkiyənin Şərq ölkələri ilə strateji əlaqələrini dərinləşdirmək istəyinin özünü göstərdiyini yazıb.

Yunanıstan mediası: “Yüksək səviyyəli təsdiq”

Yunanıstanın “Banking News” nəşri görüşü “Yüksək səviyyəli təsdiq” başlığı ilə təqdim edib.

Nəşr Ərdoğan və Putinin ŞƏT sammiti çərçivəsində görüşünün təxminən 90 dəqiqə davam etdiyini və danışıqların isti atmosferdə keçdiyini bildirib.

Materialda iki ölkə arasındakı münasibətlərin əvvəlkindən daha yüksək səviyyəyə çatdığı və Akkuyu Atom Elektrik Stansiyasının əməkdaşlığın əsas istiqamətlərindən biri olduğu vurğulanıb.

Nəşr həmçinin Ankara-Moskva münasibətlərində yeni hədəflərin müəyyənləşdirildiyini və enerji sektorunda əməkdaşlığın Akkuyu layihəsindən kənara genişləndirilə biləcəyini qeyd edib.

Yunanıstan mediası: “İmtiyazlı tərəfdaş”

Yunanıstanın “Toc” nəşri isə Ərdoğan-Putin görüşünü “İmtiyazlı tərəfdaş” başlığı ilə işıqlandırıb.

Nəşr iki liderin Ankara-Moskva münasibətlərinin yüksək səviyyəsini, enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığı vurğuladığını yazıb.

Putinin Türkiyəni həm xarici siyasət, həm də iqtisadi sahədə Rusiyanın “imtiyazlı tərəfdaşlarından biri” adlandırdığı bildirilib.

Nəşrdə xüsusilə iki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlığa diqqət çəkilib.

Görüşdə Ukrayna və Qara dəniz məsələsi də müzakirə olunub

Ərdoğan ŞƏT Dövlət Başçıları Zirvəsində iştirak etmək üçün Bişkekdə olarkən sammit çərçivəsində Putinlə Ala-Arça Dövlət iqamətgahında görüşüb.

Mətbuata qapalı keçirilən və təxminən 1,5 saat davam edən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak edib.

Rusiya rəsmilərinin məlumatına görə, görüş zamanı nüvə enerjisi ilə yanaşı, Qara dənizdəki vəziyyət və Ukrayna məsələsi üzrə Türkiyədə danışıqların keçirilməsi imkanları da müzakirə olunub.