Türkiyə Prezidentinin daha dərin mesajı odur ki, müharibəyə üçüncü tərəflərin cəlb olunmasına yol verilməməlidir
Qara dənizdə baş verən qarşılıqlı hücumlar regionda ticarət və mülki gəmilərin təhlükəsizliyinə ciddi təhdid yaradıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə münasibət bildirərək, Ankarada ölkənin xarici ölkələrdə akkreditə olunmuş səfirləri ilə görüşdə münaqişə tərəflərinə xəbərdarlıq edib: “Son günlər həyata keçirilən qarşılıqlı hücumlar Qara dənizdə gəmilərin hərəkət təhlükəsizliyinə ciddi təhdid yaradır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ölkənin xarici ölkələrdə akkreditə olunmuş səfirləri ilə görüşündə deyib.
Türkiyə lideri məsələ ilə bağlı ölkəsinin Ukraynadakı münaqişə tərəflərinə xəbərdarlıq etdiyini vurğulayıb:
“Ticarət və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Hər iki tərəfə məsələ ilə bağlı xəbərdarlığımızı bildiririk”.
Xatırladaq ki, noyabrın 29-da Türkiyənin Qara dəniz sahillərində Rusiyaya məxsus “Kairos” adlı neft tankeri və Qambiya bayrağı altında üzən “Virat” adlı gəmi sahildən bir qədər aralıda alovlanıb. Türkiyə rəsmiləri hər iki hadisənin “xarici təsir” səbəbindən baş verdiyini açıqlamışdı. Dekabrın 12-də isə Rusiya ordusu Ukraynanın Odessa limanında lövbər salmış Türkiyəyə məxsus “Cenk Roro” adlı yük gəmisini vurub.
Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfirlərlə görüşdə verdiyi xəbərdarlıq Qara dənizdə gəmilərin təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu xəbərdarlıq təkcə formal bir bəyanat deyil, regional stabilliyin qorunması və münaqişənin üçüncü tərəflərə yayılmasının qarşısını almaq məqsədi güdən ciddi diplomatik mesajdır: “Hazırda Ukrayna ilə Rusiya arasında gedən müharibə, xüsusilə Qara dəniz ekvatoriyasında baş verən qarşılıqlı hücumlar, ticarət və mülki gəmilərin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Əgər Ukrayna Rusiyanın neftini daşıyan tankerləri Qara dəniz ekvatoriyasında, xüsusilə də Türkiyəyə aid olan hissədə dronlarla vurmuşdusa Rusiya Türkiyəyə məxsus gəmiləri Ukraynanın limanında, Oddesada vurub. Burada ortaya çıxan əsas problem ondadır ki, münaqişə digər dövlətlərin vətəndaşlarını və iqtisadi maraqlarını təhlükə altına ala bilər və bu, regional sabitliyə ciddi təsir göstərir”.
Politoloqun sözlərinə görə, Ərdoğanın xəbərdarlığının ikinci, daha dərin mesajı odur ki, müharibəyə üçüncü tərəflərin, xüsusilə Qara dəniz sahili dövlətlərinin cəlb olunmasına yol verilməməlidir. “Münaqişəni özünüz həll edin, üçüncü dövlətləri prosesə qatmayın” – bu, Türkiyənin diplomatik mövqeyinin açıq ifadəsidir. Burada həmçinin dolayısı ilə vurğulanır ki, Türkiyə Qara dəniz ekvatoriyasında ən güclü və nüfuzlu dövlət olaraq bu sahədə hərəkət azadlığı və nəzarət imkanlarına malikdir. Hər hansı bir təhlükə yarandığı halda Ankara adekvat tədbirlər görərək həm Ukrayna, həm də Rusiya üçün gəmilərin hərəkətini məhdudlaşdıra, hətta Qara dəniz keçidini tamamilə bağlaya bilər.
Hazırda müharibə səbəbi ilə rus hərbi gəmilərinin İstanbul boğazından keçidi qadağan olunub. Lakin bu cür hadisələri əsas gətirərək Türkiyə mülki və ticarət gəmilərinin də üzünə bütün qapıları bağlaya bilər. Hər nə qədər Rusiya boynundan yuxarı danışmış olsa da, Qara dəniz ekvatoriyasında ən güclü dövlət və ən güclü donanmaya sahib ölkə qardaş Türkiyədir. Bütün bu ekvatoriyanı həm havadan, həm də dənizdən məhz Türkiyə nəzarətdə saxlamaq imkanına malikdir.
Ona görə də Ərdoğanın xəbərdarlığı heç də formal xarakter daşımır. Türkiyə adekvat qərarlar qəbul edə bilər. Tarixi təcrübə də Türkiyənin bu tip mövqelərdə nə qədər qərarlı olduğunu göstərir. 2015-ci ildə Rusiya qırıcısının Türkiyənin hava sərhədini pozması nəticəsində vurulması, Ankara üçün təhlükəsizlik və suverenlik məsələlərinin prioritet olduğunu nümayiş etdirmişdi. Bu hadisələr göstərir ki, Türkiyə yalnız sözlə deyil, həm də real siyasi və hərbi vasitələrlə regional stabilliyi qorumaq iqtidarındadır”.
Ekspert bildirir ki, Ərdoğanın səfirlərlə görüşdəki çıxışı diplomatik baxımdan həm xəbərdarlıq, həm də ciddi xəbərdarlıqdır: “Bu mesaj, Qara dənizdə gəmilərin təhlükəsizliyinə xələl gətirən tərəflərin məsuliyyətini xatırlatmaq və regional aktorları hərəkətlərini buna uyğun tənzimləməyə məcbur etmək məqsədi daşıyır. Türkiyənin həm dənizdə, həm də havada nəzarət imkanları, onun regional siyasətdə rolunu və təsir imkanlarını əhəmiyyətli dərəcədə artırır”.
Politoloq nəticə olaraq vurğulayır ki, Ərdoğanın bu xəbərdarlığı, Qara dənizdə hər hansı bir mülki və ticarət gəmisinə qarşı yönələn təhlükələrin ciddi nəticələr doğura biləcəyini göstərir. Bu, həm Ukrayna, həm də Rusiya üçün strateji mesajdır: qarşılıqlı hücumlar davam edərsə, Türkiyə regiondakı üstün mövqeyini və diplomatik imkanlarını istifadə edərək lazımi tədbirlər görməkdə tərəddüd etməyəcək.