Ərəb investisiyaları ilə Türk dövlətlərinə təsir potensialı artır - Medihanur Argalının "Şərqə" MÜSAHİBƏSİ

Türk dövlətləri üçün prioritet Ərəb dünyası ilə əlaqələri nəzarətli və balanslı inkişaf etdirməkdir

Türk dünyası ilə Ərəb coğrafiyası arasında münasibətlər müxtəlif sahələr üzrə inkişaf etməkdədir. Bu proses siyasi, iqtisadi, enerji, ekoloji və mədəni istiqamətləri əhatə edir. Regional və qlobal dəyişikliklər fonunda tərəflər arasında artan qarşılıqlı maraq yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradır. Eyni zamanda, bu münasibətlərin fərqli ölçüləri və mümkün təsirləri mövcuddur. 

Bu məsələlərin fonunda Türk dünyasının Ərəb ölkələrinə olan marağı diqqət çəkir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Medihanur Argalı Türk dünyası ilə Ərəb ölkələri arasında mövcud əlaqələrin əsas istiqamətləri və riskləri barəsində Sherg.az-ın suallarını cavablayıb:

 -Türk dünyası ilə Ərəb coğrafiyası arasındakı münasibətləri necə xarakterizə edirsiniz?

-Türk dünyası (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan) ilə Ərəb coğrafiyası arasında münasibətlərin əhəmiyyətli dərəcədə intensivləşdiyi müşahidə olunur. Bu marağı yalnız tarixi və ya mədəni bağlarla izah etmək yetərli deyil. Çünki iqtisadi imkanlar, geosiyasi balanslar, eləcə də enerji və ekoloji siyasətlər bu yaxınlaşmanı formalaşdıran əsas amillərə çevrilib. Bununla yanaşı, münasibətlərin daha bir mühüm tərəfi mövcuddur və mövzu hər iki aspektdə dəyərləndirilməlidir.

Türk və Ərəb cəmiyyətləri İslam sivilizasiyasının iki əsas daşıyıcısıdır. Bu ortaq keçmiş mədəni diplomatiya və xalqlararası münasibətlər üçün möhkəm zəmin yaradır.

-Enerji sahəsində yaxınlaşmanın əsas səbəbləri nələrdir?

-Son illərdə Körfəz ölkələri neftdənkənar sektorların inkişafı çərçivəsində investisiya prioritetlərini bərpa olunan enerji sahəsinə yönəldib. Bu kontekstdə Türk dövlətləri, xüsusilə Azərbaycan, Qazaxıstan və Özbəkistan Körfəz kapitalı üçün strateji hədəflərə çevrilib. Geniş torpaq sahələri, yüksək günəş səviyyəsi və külək potensialı bu ölkələri günəş və külək enerjisi layihələri baxımından cəlbedici edir. Ərəb kapitalı bu sahədə uzunmüddətli razılaşmalar bağlayaraq yalnız iqtisadi qazanc deyil, eyni zamanda “yaşıl diplomatiya” vasitəsilə beynəlxalq nüfuz qazanmağı da hədəfləyir. Bu əməkdaşlıqlar Türk dövlətlərinin enerji transformasiyası prosesində xarici maliyyə resurslarına çıxışını da asanlaşdırır.

-Ekoloji əməkdaşlıq hansı istiqamətlərdə özünü göstərir?

-Xüsusilə bu mövzu son illərdə Türküstan regionunda xarici siyasətin mərkəzi məsələlərindən birinə çevrilməkdədir. Bu sahədə diqqətçəkən nümunələrdən biri Birləşmiş Ərəb Əmirliklərinin Özbəkistanla birgə həyata keçirdiyi Aral gölünün bərpası layihəsidir. Sovet dövründə tətbiq edilən yanlış kənd təsərrüfatı siyasətləri nəticəsində Aral gölü demək olar ki, tamamilə quruyub, ciddi ekoloji və sosial-iqtisadi fəsadlara yol açıb. BƏƏ-nin bu layihədə iştirakı yalnız ekoloji töhfə deyil, eyni zamanda regional ekoloji diplomatiya baxımından strateji addımdır. Beləliklə, Körfəz ölkələri həm beynəlxalq imiclərini gücləndirir, həm də Türk dövlətləri ilə davamlılıq əsaslı tərəfdaşlıq qururlar.

-İqlim dəyişikliyi bu münasibətlərə necə təsir edir?

-İqlim dəyişikliyinin Yaxın Şərq və Körfəz bölgəsində yaratdığı ən ciddi problemlərdən biri ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı istehsalının davamlılığıdır. Su ehtiyatlarının azalması, səhralaşma və ekstremal temperatur göstəriciləri Ərəb ölkələrini alternativ istehsal mərkəzləri axtarmağa məcbur edib. Bu kontekstdə Türküstan ölkələri-xüsusilə Qazaxıstan və Özbəkistan geniş və məhsuldar əkin sahələri ilə ön plana çıxır. Ərəb investorları bu bölgələrdə torpaq icarəyə götürməklə və ya birbaşa satın alma yolu ilə həm öz ərzaq ehtiyaclarını təmin etməyi, həm də regional kənd təsərrüfatı təsir zonası formalaşdırmağı hədəfləyirlər. Bu strategiya su resurslarına çıxış və idarəetmə sahəsində yeni əməkdaşlıqlar yaratsa da, torpaq mülkiyyəti və yerli iqtisadiyyata təsirlər baxımından müəyyən mübahisələri də gündəmə gətirir.

-Turizm sahəsində hansı tendensiyalar müşahidə olunur?

-Türk dövlətləri ilə Ərəb ölkələri arasındakı münasibətlərin daha az müzakirə olunan, lakin sürətlə inkişaf edən digər bir ölçüsü turizm sahəsidir. Xüsusilə ov turizmi Körfəz ölkələrindən olan yüksək gəlirli zümrələr üçün Türküstan regionunda populyar fəaliyyət növünə çevrilib. Bununla yanaşı, tarixi və mədəni irsi zəngin olan şəhərlər (Səmərqənd, Buxara, Şəki və s.) Ərəb turistlərinin marağını cəlb edir. Bu mədəni turizm xalqlararası qarşılıqlı əlaqələri gücləndirərək qarşılıqlı təsəvvürlərin formalaşmasına töhfə verə bilər. Lakin bu prosesin yerli ekosistemlərə, heyvan populyasiyalarına və mədəni dəyərlərin kommersiyalaşmasına mümkün təsirləri də nəzərə alınmalıdır.

-Bu yaxınlaşmanın riskləri nələrdir?

-Türk dövlətləri ilə Ərəb ölkələri arasındakı münasibətlər hər nə qədər iqtisadi və strateji imkanlar yaratsa da, bu yaxınlaşmanı yalnız fürsətlər prizmasından dəyərləndirmək natamam yanaşma olar. Münasibətlərin ideoloji, sosioloji və təhlükəsizlik ölçüləri də diqqətlə analiz edilməlidir. Xüsusilə Azərbaycan kimi tarixi olaraq sekulyar dövlət ənənəsinə malik ölkələrdə xarici mənşəli dini və siyasi təsirlərin yarada biləcəyi nəticələr həssaslıqla izlənməlidir.

-Dini və ideoloji təsirlər hansı təhlükələr yarada bilər?

-Ərəb coğrafiyasından qaynaqlanan bəzi dini qurumlar və ideoloji cərəyanlar Türküstanda, xüsusilə də Özbəkistanda zaman-zaman sosial qarşılıq tapa bilir. Bu strukturların bir qismi ənənəvi İslam anlayışından fərqli, daha sərt və siyasiləşmiş dini interpretasiyalar təklif edir. Bəzi hallarda isə radikallaşaraq terror meyilləri göstərə bilir. Belə hərəkatların fəaliyyəti dövlət legitimliyini və konstitusion nizamı sual altına alan mühit yarada bilər. Uzunmüddətli perspektivdə bu proseslər radikallaşma, dövlət əleyhinə diskursların yayılması və gənc nəslin ideoloji təsir altına düşməsi kimi risklər doğurur.

Xarici mənbəli dini və siyasi ideyaların nəzarətsiz yayılması cəmiyyət daxilində kimlik əsaslı parçalanmaları dərinləşdirə bilər. Məzhəb, təriqət və ideoloji fərqliliklər üzərindən formalaşan diskurslar ictimai həmrəyliyi zəiflədə bilər. Xüsusilə çoxmədəniyyətli struktura malik Türk dövlətlərində bu cür təsirlər həssas tarazlıqları pozma potensialına sahibdir. Nəticə etibarilə cəmiyyətdə “biz və onlar” bölgüsünün güclənməsi dövlət-millət birliyinə zərbə vura bilər.

-Körfəz ölkələrinin uzunmüddətli strategiyası nədən ibarət ola bilər?

-Bəzi Körfəz ölkələri Türk dövlətlərinə yönəlik siyasətlərində yalnız iqtisadi qazanc əldə etməyi deyil, eyni zamanda uzunmüddətli siyasi və ideoloji təsir sahələri yaratmağı da hədəfləyə bilirlər. Bu tendensiya xüsusilə təhsil müəssisələri, təqaüd proqramları, dini mərkəzlər, media qurumları və qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirilən fəaliyyətlərdə özünü göstərir. Zahirdə mədəni və ya humanitar məqsədlərlə başlayan bəzi təşəbbüslər zamanla təsir mexanizminə çevrilə bilər ki, bu da Türk dövlətlərinin daxili siyasətinə dolayı müdaxilə riskini artırır.

-Bu vəziyyətdə Türk dövlətləri necə mövqe tutmalıdır?

-Bu mənzərə fonunda Türk dövlətləri üçün əsas məsələ Ərəb ölkələri ilə münasibətləri məhdudlaşdırmaq deyil, əksinə bu əlaqələri nəzarətli, şəffaf və institusional çərçivədə inkişaf etdirmək olmalıdır. İqtisadi əməkdaşlıqlar genişləndirilərkən təhlükəsizlik strukturlarının prosesə cəlb edilməsi, xarici maliyyə axınlarının və qurumların fəaliyyətinin ciddi şəkildə nəzarətdə saxlanılması böyük əhəmiyyət daşıyır. Eyni zamanda dini sahənin dövlət nəzarətində və milli-mənəvi ənənələrə uyğun şəkildə idarə olunması radikallaşmanın qarşısının alınmasında həlledici rol oynayır.

Türk dövlətləri Ərəb dünyası ilə qurduqları münasibətləri iqtisadi, turistik və strateji üstünlüklər istiqamətində istifadə edə bilərlər və bunda heç bir problem yoxdur. Lakin bu proses paralel şəkildə ideoloji təhlükəsizlik perspektivi ilə də qiymətləndirilməlidir. Fürsətlərlə yanaşı risklər də diqqətlə hesablanmalıdır. Sağlam və balanslı siyasət fürsətləri maksimuma çatdıran, riskləri isə minimuma endirən strateji yanaşma üzərində qurulmalıdır.

Türk dövlətlərinin Ərəb coğrafiyasına artan marağı çoxölçülü və dinamik reallığı əks etdirir. İqtisadi, ekoloji, turistik və strateji faydalarla yanaşı, dini radikalizm, ideoloji yayılma və sosial qütbləşmə kimi potensial təhlükələr də bu prosesin ayrılmaz hissəsidir. Buna görə də Ərəb dünyası ilə inkişaf etdirilən münasibətlər fürsət-risk balansını nəzərə alan rasional və bütöv strateji ağıl çərçivəsində idarə olunmalıdır.

-Yekun olaraq Türk dövlətlərinin əsas strateji prioriteti nə olmalıdır?

-Burada bir kritik məqam nəzərdən qaçırılmamalıdır. Türk dövlətlərinin xarici siyasətdə birinci prioriteti öz aralarındakı siyasi, iqtisadi və mədəni əməkdaşlığı dərinləşdirmək və institusional əsasda möhkəmləndirmək olmalıdır. Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və regional inteqrasiya məqsədi uzunmüddətli perspektivdə həm daxili sabitliyi, həm də beynəlxalq arenada təsir gücünü artıracaqdır. Bu kontekstdə Ərəb ölkələri ilə qurulan münasibətlər də daxil olmaqla bütün regional və qlobal aktorlarla əlaqələr balans strategiyası çərçivəsində dəyərləndirilməlidir. Münasibətlər güclü, lakin asılılıq yaratmayacaq şəkildə tarazlı saxlanmalıdır. Bu yolla Türk dünyası həm öz daxilində həmrəy və dayanıqlı struktur qura, həm də çoxqütblü beynəlxalq sistemdə müstəqil və təsirli aktor kimi mövcudluğunu davam etdirə bilər.