- Azərbaycan həmişə sülh gündəliyinə sadiq olub, Ermənistana qarşı heç bir ərazi iddiası olmayıb və yoxdur
- “Soydaşlarımızın doğma yurdlarına qayıtması onların tarixi, mənəvi və hüquqi haqqıdır”
- “Bu, bizim milli kimliyimiz, imzamız, doğulduğumuz torpağın toponimidir”
Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu günlərdə keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salınıb. Görüşün təxirə salınması Azərbaycan tərəfinin müraciəti əsasında baş tutub. Azərbaycan tərəfi hazırkı mərhələdə görüşün keçirilməsini məqsədəuyğun hesab etmir.
Erməni tərəfinin nümayəndələrindən Boris Navarsadyan görüşün gərginliyin azalmasına qədər təxirə salındığını bildirib. Azərbaycan və Ermənistan ekspertləri daha əvvəl “Sülh körpüsü” təşəbbüsü çərçivəsində qarşılıqlı səfərlər formatında bir neçə görüş keçiriblər.
Professor Vaqif Abdullayev Sherg.az-a bildirib ki, Sülh körpüsü təşəbbüsü çərçivəsində Ermənistanda keçirilməsi nəzərdə tutulan görüşün təxirə sallnmasına səbəb xarici diplomatların böyük heyətinin bu günlərdə Qarabağa səfərindən sonra İrəvandakı revanşist qüvvələrin başlatdığı kampaniya və Azərbaycanın suverenliyinə müdaxilə cəhdlərinin Ermənistanın dövlət qurumları tərəfindən açıq şəkildə dəstəklənməsidir: 
“Ermənistan hökumətinin ölkəmizə qarşı nifrət təbliğatı aparan qüvvələrə qarşı heç bir tədbir görməməsi açıq şəkildə sülh dialoqunda qarşı tərəfin riyakarlığını əks etdirir. Erməni cəmiyyətinin Xalq diplomatiyasına dırnaqarası baxdığını göstərir. Azərbaycan həmişə sülh gündəliyinə sadiq olub, Ermənistana qarşı heç bir ərazi iddiası olmayıb və yoxdur. Qədim ərazilərimiz olan Göyçə, Zəngəzur, İrəvana gələn xarici qonaqlara qarşı biz heç vaxt narazılıq ritorikası nümayiş etdirməmişik. Soydaşlarımızın öz doğma dədə-baba torpaqlarına qayıdışını nəzərdə tutan Qərbi Azərbaycan İcmasının proqramında da Ermənistanın daxili işlərinə, suverenliyinə təhdid yoxdur, xarici siyasətinə müdaxilə çağırışı əks olunmayıb”.
V.Abdullayev Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bildirərək Qərbi Azərbaycan məsələsinə də toxunub. O qeyd edib ki, Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası ərazi iddiası deyil, Ermənistandan didərgin salınmış azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququ ilə bağlıdır:
“Qərbi Azərbaycan Qayıdış Konsepsiyasında qətiyyən ərazi iddiası yoxdur. Reallıq budur ki, biz Ermənistanın vətəndaşlarıyıq. “ASAN Xidmət”də verilən şəxsiyyət vəsiqələrində soydaşlarımızın doğulduğu ərazilər öz tarixi adları ilə qeyd olunub. Bu, bizim milli kimliyimiz, imzamız, doğulduğumuz torpağın toponimini əks etdirən milli nişanəmizdir”.
Politoloqun fikrincə, soydaşlarımızın öz tarixi torpaqlarına qayıdaraq Ermənistan qanunlarına uyğun yaşamaq istəyi onların tarixi, mənəvi və hüquqi haqqıdır. O, beynəlxalq hüququn bu hüququn təmin olunmasına imkan yaratmalı olduğunu bildirib. V.Abdullayev əlavə edib ki, Azərbaycan tərəfi üçün milli kimliyin və tarixi toponimlərin qorunması da Qərbi Azərbaycan məsələsinin mühüm tərkib hissəsidir.