Erməni müəllifdən sülh prosesinə qarşı ittihamlar: Azərbaycanı nədə suçlayır?

  • Ermənistan mediasında sülh prosesinə etimadsızlıq mövcuddur

“Sputnik Ermənistan”da dərc olunan məqalədə Azərbaycanla bağlı bir sıra ağır ittihamlar səsləndirilib.

Məqalənin müəllifi Arman Abovyan 2020-ci il müharibəsindən danışarkən hadisələri yalnız Ermənistanın baxış bucağından təqdim edir. O, Azərbaycan və Türkiyənin siyasətini ermənilərin regiondan sıxışdırılması ilə əlaqələndirir, Qarabağ və Naxçıvanda erməni irsinin məhv edildiyini iddia edir.

Müəllif bununla da kifayətlənmir. Azərbaycanın Ermənistan ərazisi üçün istifadə etdiyi “Qərbi Azərbaycan” ifadəsini də “dearmenizasiya” siyasətinin tərkib hissəsi kimi təqdim edir.

Lakin məqalədə Azərbaycanın bu məsələyə dair mövqeyi və əsas arqumentləri demək olar ki, yoxdur.

Azərbaycan “Qərbi Azərbaycan” məsələsini ərazi iddiası kimi deyil, vaxtilə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı məsələsi kimi təqdim edir. Eyni zamanda Bakı dəfələrlə Ermənistanla sülh prosesində qarşılıqlı ərazi bütövlüyünün tanınmasını əsas prinsiplərdən biri kimi bəyan edib.

Məqalənin diqqət çəkən digər tərəfi isə sülh müqaviləsinə yanaşmadır. Abovyan mümkün sülh sənədinin belə “kağız parçası”ndan başqa bir şey olmayacağını iddia edir. Bu yanaşma göstərir ki, Ermənistanın informasiya məkanında sülh prosesinə münasibətdə hələ də ciddi narahatlıq və etimadsızlıq mövcuddur.

Əslində, yazının əsas mesajı tarixi faktları araşdırmaqdan daha çox, Azərbaycanla əldə olunması mümkün sülhün Ermənistan üçün təhlükə yaradacağı fikrini önə çıxarmaqdır.

Məqalədə azərbaycanlıların Ermənistandan deportasiyası, onların qayıdış hüququ, 30 ilə yaxın davam edən işğal və həmin dövrdə Azərbaycan ərazilərində törədilən dağıntılar barədə isə danışılmır.

Bu baxımdan yazı Azərbaycan-Ermənistan münasibətlərinin bütün tərəflərini əks etdirən obyektiv təhlildən çox, Ermənistanın öz siyasi və tarixi narrativini müdafiə edən müəllif mövqeyi kimi görünür.

Diqqət çəkən məqam odur ki, sülh danışıqları fonunda belə, qarşı tərəfin mediasında Azərbaycanla bağlı köhnə ittihamların yeni formada gündəmə gətirilməsi davam edir.