Ermənistan-Azərbaycan danışıqlarının gündəliyini Bakı müəyyənləşdirir - Hakob Badalyan

  • Erməni siyasi şərhçi: Hikmət Hacıyevin Dilicana səfəri Ermənistan seçkilərinin nəticələri ilə bağlı olub

Ermənistanlı siyasi şərhçi Hakob Badalyan hesab edir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Dilicana səfəri Ermənistanın deyil, Azərbaycanın təşəbbüsü ilə baş tutub.

Sherg.az xəbər verir ki, "Sputnik Ermənistan"a açıqlamasında Badalyan bildirib ki, səfərin əsas səbəblərindən biri Ermənistan parlament seçkilərinin yekun nəticələrinin və xüsusilə "Çiçəklənən Ermənistan" Partiyası ilə bağlı vəziyyətin aydınlaşması olub.

Onun sözlərinə görə, əgər "Çiçəklənən Ermənistan" Partiyası parlamentə keçə bilsəydi, hakim "Vətəndaş Müqaviləsi" Partiyası parlamentdə əvvəlki üstünlüyünü itirəcək və müxalif qüvvələrlə razılaşmağa məcbur qalacaqdı. Badalyan hesab edir ki, bu, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı qərarların qəbuluna da təsir göstərə bilərdi.

Ekspert iddia edib ki, son illərdə Ermənistan-Azərbaycan danışıqlarının gündəliyi, istiqaməti və şərtləri əsasən Bakı tərəfindən müəyyənləşdirilir, İrəvan isə daha çox həmin proseslərin ictimaiyyətə təqdim olunma formasını seçir.

Badalyan həmçinin Baş nazir Nikol Paşinyanın müharibə risklərini idarə etmək imkanları barədə səslənən fikirlərlə razılaşmadığını bildirib. Onun qənaətincə, Ermənistanın bu məsələlərə təsir imkanları son illərdə daha da zəifləyib.

Xatırladaq ki, iyunun 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Hikmət Hacıyev arasında Dilican şəhərində görüş keçirilib. Tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyinə dair məsələləri müzakirə ediblər. Bu, Hikmət Hacıyevin Ermənistana ilk səfəri olub.