Ermənistan istiqamət dəyişir: Tehranla münasibətlər "donduruldu"- ŞƏRH

 İrəvan İranı deyil, Türkiyə üzərindən Avropanı seçir

"Mirzoyanın səfəri ləğv etməsi, İrəvanın istiqamətini “Körfəz-Türkiyə-Qərb” oxundakı böyük iqtisadi imkanlardan pay almağa yönəltdiyinin göstəricisi ola bilər"

Mövcud geosiyasi proseslər fonunda İranla Ermənistan arasındakı münasibətlər diqqət çəkir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan və İran arasında strateji tərəfdaşlıq müqaviləsi ilə bağlı müzakirələr hələlik dayandırılıb.

Nazirin sözlərinə görə, sənəd hazırda aşkar səbəblərdən müzakirə olunmur. 

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a Ararat Mirzoyanın açıqlamasının bölgədəki hərbi və iqtisadi tarazlığın sürətlə dəyişdiyinin ən konkret göstəricisi olduğunu söyləyib:

"Mirzoyanın “açıq səbəblər” dediyi vəziyyət, 2026-cı ilin mart ayı etibarilə İranın birbaşa münaqişə içində olmasıdır. Əgər Ermənistan Türkiyə üzərindən Avropaya açılacaq iri enerji və infrastruktur layihələrindən (Mersin-İzmir-Tartus xətti) pay almaq istəyirsə, bu mərhələdə İranla “strateji tərəfdaşlıq” imzalamasını Qərbin maliyyə nəhəngləri (BlackRock və s.) “riskli” kateqoriyaya daxil edə bilər.

Mirzoyan, Ermənistanın gələcək likvidlik və investisiya imkanlarını bağlamamaq üçün Tehranla münasibətləri (ən azı kağız üzərində) dondurur.

İranla imzalanacaq razılaşma Ermənistanı regional təcriddən çıxara bilərdi. Lakin mövcud şəraitdə Azərbaycan üzərindən Rusiya və Orta Asiyaya çıxış zərurəti daha üstün görünür.

Mirzoyanın səfəri ləğv etməsi, İrəvanın istiqamətini “Körfəz-Türkiyə-Qərb” oxundakı böyük iqtisadi imkanlardan pay almağa yönəltdiyinin göstəricisi ola bilər".

Analitik söyləyib ki, Tom Barrakın bəhs etdiyi Türkiyə və Suriya mərkəzli enerji planında, əgər regional sülh təmin olunarsa, Ermənistan “tranzit marşrut” və ya “yardımçı ötürücü xətt” rolunu oynaya bilər:

"Lakin İranla hərbi və ya strateji tərəfdaşlıq Ermənistanın bu enerji arxitekturasından kənarda qalmasına (yəni bypass edilməsinə) səbəb ola bilər.

“Yeraltı tanklar” (In-Ground Tanks) texnologiyası və Yaponiya investisiyaları kimi qabaqcıl texniki infrastrukturlar Türkiyədə cəmləşir. Ermənistan bu texnoloji və maliyyə sisteminə daxil olmaq üçün İran dosyesini bağlamaq (və ya dondurmaq) məcburiyyətində qalıb. İrəvan ideoloji baxımdan İranla tərəfdaşlıqdan daha çox, iqtisadi baxımdan sağ qalmaq üçün Türkiyə və Körfəz kapitalı ilə praktik inteqrasiyaya üstünlük verir.

İran-ABŞ müharibəsi fonunda və Türkiyənin Gölcükdəki strateji mövqeyi də nəzərə alındıqda, Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülh razılaşmasının təcili şəkildə imzalanması həm Azərbaycan, həm də Ermənistan üçün olduqca vacib mərhələyə çevrilib".