Geosiyasi reallıq odur ki, Ermənistan-İran müqaviləsi faktiki olaraq kağız üzərindədir
"Ermənistan və İran arasında strateji tərəfdaşlıq müqaviləsi ilə bağlı müzakirələr hələlik dayandırılıb".
Bu barədə jurnalistlərin sualını cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Nazir qeyd edib ki, sənəd hazırda aşkar səbəblərdən müzakirə olunmur. Onun sözlərinə görə, planlaşdırılan səfər barəsində də hazırda danışılmır.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a faktiki Ermənistan-İran münasibətlərindən danışıb:
"Ermənistan ilə İran arasındakı strateji tərəfdaşlıq müqaviləsinin faktiki olaraq dayanmasının əsas səbəblərindən biri Ermənistanın sürətlə Qərbə yaxınlaşmasıdır. Məlum olduğu kimi, rəsmi İrəvan artıq Rusiyanın təsir orbitində olan təşkilatlardan belə uzaqlaşmaq bahasına Qərbə inteqrasiya kursu götürüb. Hazırda Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində fəaliyyətini dondurub və əvəzində Qərbin hərbi strukturları, xüsusilə də NATO ilə daha sıx əməkdaşlıq qurmağa çalışır.
Eyni zamanda, Ermənistan digər Qərb ölkələri-xüsusilə də Fransa və Amerika Birləşmiş Ştatları ilə hərbi sahədə münasibətləri gücləndirməyə yönəlib. Paralel olaraq, İranda da vəziyyət gərgindir, xüsusilə ABŞ və İsrail ilə qarşıdurma elementləri müşahidə olunur".
Politoloq vurğulayıb ki, Donald Tramp faktorunu da nəzərə almaq vacibdir:
"Onun hakimiyyətə qayıdışı ehtimalı və əvvəlki dövrdə apardığı siyasət göstərir ki, Vaşinqton regionda balans yaratmağa çalışırdı. Tramp administrasiyası dövründə həm Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmış, həm də Ermənistanla əlaqələr tam pozulmamışdı. Bu kontekstdə Ermənistanın hazırkı hakimiyyəti- xüsusilə Nikol Paşinyan və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası Qərbə inteqrasiyanı əsas siyasi prioritet kimi təqdim edir. Bu, həm seçki kampaniyalarında, həm də rəsmi siyasətdə açıq şəkildə ifadə olunur.
Lakin burada mühüm məqam ondan ibarətdir ki, Qərb ölkələrinin İranla münasibətləri açıq şəkildə gərgindir. ABŞ və İsrailin İrana qarşı siyasəti bunu bir daha sübut edir. Bu isə Ermənistanın faktiki olaraq İranla eyni geosiyasi mövqedə deyil, əks qütbdə dayandığını göstərir".
Analitik söyləyib ki, belə bir şəraitdə Ermənistan ilə İran arasında strateji tərəfdaşlıq müqaviləsinin şərtlərinin tam şəkildə icra olunacağını gözləmək real görünmür:
"Ermənistan-İran münasibətləri formal olaraq mövcud olsa da, geosiyasi reallıqlar onların praktik əhəmiyyətini xeyli zəiflədir".