Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Aryeh Lightstone ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə Transxəzər Müəssisələri Fondunun prezidenti Konstantin Sokolov da iştirak edib.
Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitindən sonra əldə olunan nəticələri və baş vermiş mühüm hadisələri yüksək qiymətləndiriblər. Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasının regionun inkişaf potensialının tam reallaşdırılması baxımından vacibliyini vurğulayıb və sülhün daha da möhkəmləndirilməsi istiqamətində mümkün addımları müzakirə ediblər.
Görüşdə Ermənistan-ABŞ münasibətlərinin inkişaf dinamikası da nəzərdən keçirilib. Son dövrdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyi, bir il əvvəl – avqustun 8-də Vaşinqtonda imzalanmış üç memorandumun həyata keçirilməsi nəticəsində hərtərəfli strateji tərəfdaşlığın inkişafında mühüm irəliləyiş əldə olunduğu bildirilib.
Tərəflər süni intellekt sahəsində əməkdaşlığın genişlənməsini və Firebird AI şirkətinin meqalayihəsinin ilk mərhələsi çərçivəsində inşa edilən məlumat emalı mərkəzinin ("AI fabriki") yaradılmasını da qeyd ediblər.
Bununla yanaşı, görüşdə Ermənistanın iqtisadi və enerji dayanıqlığının gücləndirilməsi məqsədilə ticarət-iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub.
Həmsöhbətlər regional nəqliyyat əlaqələrinin inkişafı, TRIPP layihəsinin icrası, eləcə də Ermənistanın beynəlxalq nəqliyyat və infrastruktur sisteminə daha səmərəli inteqrasiyası məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.