Ermənistan və İran regional əməkdaşlığı müzakirə etdi

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan İranın İrəvana yeni təyin olunmuş fövqəladə və tamsəlahiyyətli səfiri Xəlil Şirqolamini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, görüşün əvvəlində Mqer Qriqoryan səfiri yeni vəzifəsi münasibətilə təbrik edərək, ona diplomatik missiyasında uğurlar arzulayıb. Baş nazirin müavini vurğulayıb ki, Ermənistan üçün qonşu və dost İran ilə münasibətlərin davamlı inkişafı strateji prioritet daşıyır.

Görüş zamanı tərəflər iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası Müştərək Komissiyanın işini xüsusi qeyd edərək, iqtisadi layihələrin icrası üçün bu platformanın əhəmiyyətini önə çəkiblər. Müzakirələrdə həmçinin regional inkişaf proseslərinə, təhlükəsizlik məsələlərinə və nəqliyyat kommunikasiyalarının genişləndirilməsi perspektivlərinə toxunulub.

Xəlil Şirqolami öz növbəsində İranın Ermənistanla ikitərəfli əlaqələri bütün istiqamətlərdə dərinləşdirməkdə maraqlı olduğunu ifadə edib.