Ermənistan yeni silahlanma yarışına qoşulmayacaq - POLİTOLOQ

  • “ABŞ-nin Ermənistana hərbi dəstəyi sülh prosesinə mane olmayacaq”
  • “İrəvan üçün əsas istiqamət hərbi qarşıdurma deyil”

ABŞ-nin Ermənistanın hərbi sektoruna maliyyə dəstəyi son illərdə əhəmiyyətli dərəcədə artıb. “RİA Novosti” ABŞ hökumətinin məlumatlarına istinadən xəbər verir ki, Vaşinqton 2002-ci ildən etibarən Ermənistan üçün “Foreign Military Financing” (FMF) proqramı çərçivəsində ümumilikdə 60 milyon dollardan çox vəsait ayırıb.

ABŞ müharibə nazirinin müavininin köməkçisi Endryu Lumisin sözlərinə görə, Vaşinqton Ermənistan Silahlı Qüvvələrində islahatların aparılmasına yardım göstərmək üçün mövcud proqramların bütün imkanlarından istifadə etmək niyyətindədir: “ “ABŞ-nin Ermənistana “Foreign Military Financing” (FMF) proqramı çərçivəsində hərbi yardımı hələ 2002-ci ildə başlayıb. Ümumilikdə, 2024-cü maliyyə ilinə qədər Ermənistan üçün ABŞ-nin hərbi maliyyələşdirməsinin ümumi həcmi 60 milyon dolları ötüb”.

Pentaqonun statistikasına əsasən, maliyyələşdirmə 2024-cü maliyyə ilində əhəmiyyətli dərəcədə artıb. Həmin il ABŞ Ermənistana 8,1 milyon dollardan çox vəsait göndərib. 2023-cü ildə bu məbləğ təxminən 16 min dollar, 2022-ci ildə isə təqribən 1,3 milyon dollar təşkil edib. 2025-ci il üzrə məlumatlar hələ dərc olunmayıb.

Ermənistan 2023-2024-cü təqvim illərində təxminən 18 milyon dollar alıb. 2025-ci ilin yanvarında ABŞ Dövlət Departamenti bildirib ki, bu məbləğ FMF çərçivəsində bir sıra layihələrə, o cümlədən hərbi qulluqçuların hazırlanması üçün Milli Təlim Mərkəzinin inkişafına yönəldilib. Bu bildirişdən bir ay əvvəl Pentaqon rəhbəri müvafiq məqsədlər üçün vəsaitlərin əvvəlki iki il ərzində ayrıldığını açıqlamışdı.

Həmin vaxt, 2024-cü ilin dekabrında Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistan-Amerika müdafiə əməkdaşlığında həm Ermənistan Silahlı Qüvvələrinin transformasiyasının həyata keçirilməsinə, həm də ABŞ Silahlı Qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş istiqamətləri prioritet adlandırmışdı.

Politoloq Abutalıb Səmədov “Sherg.az”a açıqlamasında ABŞ-nin Ermənistana hərbi maliyyələşdirməni artırmasını və Ermənistan ordusunda islahatlara dəstəyini genişləndirməsini şərh edib. O bildirib ki, Vaşinqtonun bu istiqamətdə siyasətinin əsas məqsədlərindən biri Ermənistanın Rusiyadan hərbi asılılığının azaldılması və ölkənin alternativ hərbi təchizat mənbələrinə yönəlməsidir.

Politoloqun sözlərinə görə, Ermənistan uzun illər ərzində silah və hərbi texnikanın böyük hissəsini Rusiyadan əldə edib. Lakin Ukrayna müharibəsi fonunda Rusiyanın Ermənistanın əvvəlcədən ödədiyi bəzi silahları təmin edə bilməməsi İrəvanı hərbi təchizat siyasətinə yenidən baxmağa vadar edib: “ ABŞ-nin Ermənistan ordusuna maliyyə və texniki dəstəyi də bu prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər. ABŞ və Fransa başda olmaqla Qərb ölkələrinin Ermənistanla, o cümlədən hərbi sahədə əməkdaşlığı genişləndirməsinin əsas istiqamətlərindən biri Ermənistanın Rusiyadan hərbi asılılığının azaldılmasıdır. Ermənistan artıq alternativ hərbi təchizat mənbələri axtarır. ABŞ-nin məqsədlərindən biri də Rusiya silahlarının Qərb istehsalı olan hərbi sistemlərlə əvəzlənməsinə yardım göstərməkdir”.

Politoloq hesab edir ki, digər mühüm istiqamət Ermənistan ordusunun NATO standartlarına uyğunlaşdırılmasıdır: “Bu çərçivədə hərbi təlimlərin keçirilməsi, mütəxəssislərin cəlb olunması və təcrübə mübadiləsinin genişləndirilməsi mümkündür. Hazırkı mərhələdə ABŞ-nin Ermənistana hərbi dəstəyinin Azərbaycan-Ermənistan sülh prosesinə sülh prosesinə maneə yaradacağı gözlənilmir. Çünki ABŞ Prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasını xarici siyasətinin mühüm nəticələrindən biri kimi təqdim edir.

Ümumiyyətlə, Ermənistanın Azərbaycanla yeni silahlanma yarışına daxil olması da real görünmür. İrəvan üçün əsas istiqamət hərbi qarşıdurmanı deyil, regional iqtisadi və nəqliyyat əməkdaşlığını inkişaf etdirmək olmalıdır. Bu baxımdan Zəngəzur dəhlizi və “Tramp marşrutu” kimi təqdim olunan layihə əhəmiyyətlidir. Kommunikasiya xətlərinin açılması və regional iqtisadi əlaqələrin genişlənməsi Azərbaycan və Ermənistan üçün yeni imkanlar yarada bilər. ABŞ-Ermənistan hərbi əməkdaşlığının genişlənməsi fonunda regiondakı digər aktorların mövqeyi də nəzərə alınmalıdır. Onun sözlərinə görə, Rusiya və İranın Cənubi Qafqazda proseslərə təsir imkanlarını qorumağa çalışması regional təhlükəsizlik məsələlərini daha da mürəkkəbləşdirə bilər”.