“Ermənistana etibar strateji səhvdir” - Tural Abbaslı

"Əminliklə deyə bilərəm ki, Ermənistan mövcud vəziyyətini bərpa etdikdən sonra Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarını gündəmə gətirəcək"

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması fonunda Ankara ilə İrəvan arasında da diplomatik təmasların bərpası müşahidə olunur. Proses çərçivəsində Ermənistanla sərhəddə yerləşən “Əlican” sərhəd-keçid məntəqəsinin açılmasına dair hazırlıq işləri sürətlənib. Məntəqə 1993-cü ildə, Türkiyə tərəfindən Qarabağ münaqişəsi dövründə bağlanmışdı. O vaxtdan bəri Türkiyə sərhədi, Azərbaycanla həmrəylik prinsipi çərçivəsində bağlı saxlayırdı. Lakin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan müzakirələr, sərhədin açılması məsələsini yenidən gündəmə gətirib. 

Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik yaxınlaşma Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilir:

“Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanın milli maraqları nəzərə alınmaqla reallaşdırılır. Son dövrlərdə Azərbaycanın Ermənistana neft satması, eləcə də Rusiyadan gələn bəzi məhsulların Azərbaycan üzərindən Ermənistana daşınması bu prosesin tərkib hissəsidir. Belə bir şəraitdə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması gözlənilən idi. Keçid məntəqəsinin açılmasında həm Türkiyənin, həm də Ermənistanın iqtisadi maraqları mövcuddur. Lakin Ağ Partiyanın mövqeyinə nəzərən deyə bilərəm ki, Azərbaycan və Türkiyə Ermənistanla etimada əsaslanan münasibətlər qurmamalıdır”. 

T. Abbaslının sözlərinə görə, Ermənistanın iqtisadiyyatı və ordusu zəif vəziyyətdədir:

“Ermənistan rəhbərliyi iqtisadiyyatını gücləndirmək məqsədilə sülhpərvər simaya bürünərək, mövcud durumu bərpa etmək üçün vaxt qazanmağa çalışır. Əminliklə deyə bilərəm ki, Ermənistan mövcud vəziyyətini bərpa etdikdən sonra Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarını gündəmə gətirəcək. Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan danışsa da, ölkənin dövlət gerbində hələ də Ağrı dağının təsviri qalmaqdadır. Bundan əlavə, sülh prosesinin əsas şərtlərindən biri olan Ermənistan Konstitusiyasında dəyişiklik məsələsi də həllini tapmayıb”. 

Partiya sədri Ermənistanı dost və ya qardaş ölkə kimi qəbul etməyin strateji səhv olduğunu bildirib:

“Hazırda Azərbaycanın Ermənistana göstərdiyi bəzi jestlər gələcəkdə ölkəmiz üçün problemlərə yol açacaq. Əgər Ermənistanda keçiriləcək parlament seçkilərində, Serj Sarkisyan və Robert Köçaryan komandaları qalib gəlsə, Qarabağla bağlı iddialar yenidən güclənəcək. Onların hakimiyyətə gəlişi Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin gərginləşməsinə yol aça bilər. Həmçinin Paşinyanın da Azərbaycanla əldə edilmiş razılaşmalara sadiq qalacağına inanmıram. Çünki “Paşinyan” dedikdə, yaddaşımda, Azərbaycanla səmimi dostluq axtaran lider yox, Şuşada yallı gedən və Qarabağın Ermənistana məxsus olduğunu bəyan edən, siyasi fiqur canlanır”. 

T.Abbaslı bildirib ki, bu gün Paşinyanın “Qarabağ Azərbaycandır” deməsi səmimiyyətdən yox, məcburiyyətdən irəli gəlir:

“44 günlük müharibə zamanı Rusiya Prezidentinin Paşinyana, Şuşanın verilməsi şərti ilə döyüşlərin dayandırılmasını təklif etdiyi halda o, bunu qəbul etmədi. Həmçinin ölkəmizdə, erməni terrorçularına ömürlük həbs cəzası verildikdən sonra Fransa, ABŞ və Rusiyanın əleyhimizə bəyanatlar verməsi də diqqət çəkir. Bu bəyanatların Paşinyan hökumətinin iştirakı olmadan verildiyinə inanmaq sadəlövhlük olardı. Halbuki, Ermənistanla imzaladığımız, razılaşmaya əsasən, beynəlxalq platformalarda bir-birimizə qarşı təbliğat aparmamalıyıq. Güman edirəm ki, sərt tədbirlərlə qarşılaşmadan, siyasi xəttimizdə dəyişiklik edəcəyik”.

Aybəniz Səfərova