Ermənistanın Milli Təhlükəsizlik Xidmətində əsirlər, girovlar və itkin düşmüş şəxslərlə bağlı İdarələrarası Komissiyanın növbəti iclası keçirilib.
Sherg.az xəbər verir ki, Komissiyanın sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan əvvəlki iclasdan sonra müəyyən edilmiş problemlər və onların həlli istiqamətində görülən işlər barədə məlumat verib.
İclasda mayın 1-dən qüvvəyə minmiş “Döyüş əməliyyatları nəticəsində yaranmış şəraitdə itkin düşmüş şəxslər haqqında” qanunun tətbiqi məsələləri xüsusi diqqət mərkəzində olub. Həmçinin müxtəlif dövlət qurumları və aidiyyəti strukturlar arasında fəaliyyətin koordinasiyası müzakirə edilib.
Müzakirələrin yekununda müvafiq tapşırıqlar verilib və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl bildirmişdi ki, Ermənistan və Azərbaycan vətəndaşlarının saxlanılması məsələsi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında Dilicanda keçirilən görüşdə müzakirə olunub.