Asəf Quliyev: "Çünki Ermənistanda alternativ siyasi qüvvə hesab edilən şəxslərin silahlı çevriliş cəhdi etmək ehtimalı var"
Ermənistanın Azərbaycanla sərhəd bölgəsindəki silah anbarlarını bağladığı hqda məlumat var. Bu barədə Ermənistanın “Hraparak” nəşri xəbər verib. Qeyd edilir ki, Barana (Noyemberyan) bölgəsindəki bir neçə sərhəd kəndində yerləşən anbarların artıq bağlanıb. Bildirilir ki, kəndlərdə kişilərin adlarına qeydiyyatda olan onlarla silah anbarlarda saxlanılırdı: “Hər kənddə 4 sakin silah anbarında növbətçilik edir, buna görə maaş alırdı. Bir neçə gün əvvəl həmin silah anbarları bağlandı və silahlar Noyemberyan hərbi hissəsinə aparıldı. Hakimiyyət buna səbəb kimi Azərbaycanla sülhün əldə edilməsini göstərir. Qeyd edirlər ki, sülh əldə edildiyi üçün artıq sərhəd kəndlərində əhalinin adına qeydiyyatdan keçmiş silahları saxlamağa ehtiyac yoxdur”.
Silah anbarlarının bağlanması haqda xəbəri şərh edən tədqiqatçı jurnalist, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi yardım İctimai Birliyinin sədri Asəf Quliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, 2020-ci il müharibəsindən əvvəl də, ondan sonra da Ermənistan hakimiyyətinin sərhəd bölgəsində insanların silahlanmasını təmin etdiyi məlum faktdır:
- Bunun müxtəlif səbəblərini uydura bilərlər. Ancaq bu gün hamı bilir ki, Ermənistan siyasi inteblişmenti Azərbaycanın işğalla barışmayacağını yaxşı dərk edirdi. Buna görə də hər an hərbi əməliyyatların olacağı ehtimalı var idi. Artıq Azərbaycan heç bir ərazi iddiasında olmadılğını və Ermənistan Respublikasına qarşı aqressiv niyyətinin olmamasını istər Ermənistana, istəsə də beynəlxalq birliyə tam sübut edə bilib. Silahsızlaşdırılmanın birinci səbəbi sözsüz ki, budur. İkinci səbəb də var. Bu gün Ermənistanda hakimiyyətdə olan qüvvə yaxşı bilir ki, insanların silaha sahib olması, fərqi yoxdur ki, bu silahlar qeydə alınıb və yaxud da yox, real təhdid mənbəyidir. Çünki Ermənistanda alternativ siyasi qüvvə hesab edilən şəxslərin silahlı çevriliş cəhdi etmək ehtimalı var. Buna görə də guya “özünümüdafiə” üçün nəzərdə tutulmuş silahların hərbi hissələrə təhvil verilməsi gözlənilən idi.