Eyni tezislər, eyni ittihamlar…

BMT-də Fransanın təşəbbüsü ilə anti-Azərbaycan qərarların verilməsi gözlənilən idi

Azərbaycanın qələbəsini tək Ermənistan deyil, Ermənistana dəstək verən Fransa kimi ölkələr də həzm edə bilmir
  
Fransanın təşəbbüsü ilə bir qrup dövlət 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat veriblər. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəblərinə dair əsassız iddialar və böhtanlar yer alıb. Məlumdur ki, ermənilərin Qarabağdan köçməsində rol oynamış əsas məqam onilliklər ərzində onlara təbliğ edilmiş etnik dözümsüzlük və İrəvanın reinteqrasiya prosesinə mane olmaq cəhdləridir. Fransa hər zamankı kimi qərəzli və birtərəfli mövqeyi ilə məsələlərə yanaşır. Ancaq Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna toxunmur. 30 illik işğal dövründə bir milyona yaxın azərbaycanlının öz doğma torpaqlarından qovulmasından, məcburi köçkün həyatı yaşamasından danışmır. Təbii ki, qərəzli dairələrin təşəbbüsü ilə qəbul edilmiş qeyri-obyektiv sənədlərdə də bu barədə heç nə deyilmir. Fransa azərbaycanlılara qarşı ayrı-seçkiliklə və Azərbaycanın ünvanına əsassız ittihamlarla bölgədə gərginliyi artırmaq və sülh prosesini pozmaq niyyətindədir. Qarabağdan Ermənistana köçən erməni əhalisinə “qaçqın statusu”nun verilməsi ilə bağlı absurd təkliflər səslənməkdədir ki, bunlar hüquqi baxımdan doğru deyil. Avropa Şurası Nazirlər Komitəsinin sədri Kristianis Karinşin bildirib ki, Qarabağı tərk etmiş “etnik ermənilərin mühacir, yoxsa qaçqın olduğunu aydınlaşdırmaq lazımdır”. Erməni sakinlər Qarabağdan heç bir təzyiqlə üzləşmədən könüllü surətdə, öz istəkləri ilə gediblər. Könüllü şəkildə bir bölgəni tərk edərək başqa yerə getmiş şəxslər miqrasiya etdikləri üçün miqrantlar sayıla bilərlər. Ona qalsa, Ermənistanda hər il minlərlə erməni ölkəni tərk edir. Məgər onlar da “qaçqın" sayılır?! Həmçinin bir məqamı da nəzərə alaq ki, Qarabağı tərk edən ermənilərin hamısı mülki sakinlər deyildi. Onlar arasında Ermənistan Silahlı Qüvvələrinin 10 min əsgəri, onların ailə üzvləri də olub. Eyni zamanda gedənlərin mütləq əksəriyyəti işğal zamanı Qarabağda qanunsuz məskunlaşmış şəxslərdir. Bu gün onları “qaçqın” kimi təqdim edən Fransa və digər Qərb ölkələri faktiki olaraq qanunsuz məskunlaşmaya bəraət qazandırırlar. Qeyd edək ki, Fransanın bəyanatına qoşulan ölkələrin bir çoxu, elə ilk başda Fransanın özü, Almaniya, ABŞ, İspaniya və s. ölkələr digər dövlətlərə və xalqlara qarşı dəfələrlə çoxsaylı cinayətlər törədiblər.

  Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a açıqlamasında deyib ki, Fransa son 30 ildə ATƏT-in Minsk qrupunun həmsədri kimi heç bir müsbət fəaliyyət göstərməyib.

 Ekspert diqqətə çatdırıb ki, əslində elə münaqişənin 30 il ərzində dondurulmuş qalmasının, beynəlxalq təşkilatların, xüsusən BMT- nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçməməsinin, Avropa Şurasının qətnamələrinin ciddiyə alınmamasının əsas səbəbkarlarından biri Fransadır: "Fransa dünyada Ermənistana və erməni lobbisinə ən çox dəstək verən ölkələrdən biridir. Orada erməni lobbisi çox güclüdür. BMT-də Fransanın təşəbbüsü ilə anti-Azərbaycan qərarların verilməsi gözlənilən idi. Fransanın 44 günlük müharibədə açıq şəkildə Ermənistana dəstək verən açıqlamalarını, xüsusən Qarabağdakı separatçılara yardımlarını hamımız xatırlayırıq. BMT-nin Təhlükəsizlik Şurasında Fransanın anti-Azərbaycan təşəbbüsü bir daha rəsmi Parisin mövqeyini ortaya qoyur. Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyasıdır. Orada da eynilə BMT-də olduğu kimi Azərbaycanın əleyhinə Monitorinq Komitəsində dinləmələr keçirildi. Eyni tezislər, bəyanatlar və ittihamlar dilə gətirildi. Sanki bütün bu tədbirlər eyni mərkəzdən idarə olunur. Erməni lobbisinin, Ermənistan hökumətinin təqdim etdiyi eyni tezislərdir".
  Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycan döyüş meydanında qələbə qazanıb, öz ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edib. Ona görə də bu kimi müzakirələrin heç bir əhəmiyyəti yoxdur: "AŞPA-nın payız sessiyasında mən də iştirak etdim. Monitorinq Komitəsində yenə erməni və fransız deputatların təşəbbüsü ilə guya Qarabağda humanitar vəziyyətin "acınacaqlı" olması ilə bağlı dinləmələr keçirildi. Azərbaycan nümayəndə heyəti peşəkarlıq nümayiş etdirərək bütün ittihamlara cavab verdi. Qarşımızda ermənilərlə yanaşı, Fransa deputatları da var idi. Bəlli oldu ki, Azərbaycanın əsl düşmənləri kimlərdir. Bu baxımdan Fransanın addımlarına təəccüblənmirəm. Azərbaycanın qələbəsini tək Ermənistan deyil, Ermənistana dəstək verən Fransa kimi ölkələr də həzm edə bilmir. O baxımdan beynəlxalq təşkilatlarda Azərbaycana və Türkiyəyə qarşı bu cür fəaliyyətlər olacaq. Siyasi arenada, diplomatik cəbhələrdə mübarizə davam edir. Fransanın Afrikadakı müstəmləkəçi fəaliyyəti onun beynəlxalq nüfuzunu ciddi şəkildə ləkələyib. Odur ki, Parisin bundan sonra Ermənistana verəcəyi istənilən dəstək Azərbaycanın gücünü heç bir halda azaltmayacaq".