Fransa Afrika ölkələrinin sərvətini istismar edir - RƏY

Tural İrfan: "Türkiyə və Azərbaycana qarşı Ermənistan kartından istifadə edən Fransa Afrikadan məhrum olmaqdadır"


  Nigerdə dövlət çevrilişi həyata keçirən hərbçilər Fransa və müttəfiqlərini ölkənin devrilmiş Prezidenti Məhəmməd Bazumu azad etmək üçün hərbi əməliyyata başlamaq niyyətində ittiham ediblər. Qiyamçılar tərəfindən yaradılan Vətənin Xilaskarlığı Milli Şurasının sözçüsü polkovnik Amadu Abdraman deyib. O bildirib ki, Fransa Nigerin işlərinə hərbi müdaxilə üçün imkanlar axtarır. Abdraman, Nigerin keçmiş Xarici işlər və əməkdaşlıq naziri Asumi Məsud adından verilmiş sənədin əlində olduğunu iddia edib. Fransadan Nigerə hərbi müdaxilə ilə bağlı açıqlama gəlib. Fransanın xarici işlər naziri Ketrin Kolonna Nigerdəki üsyançıların Parisin hərbi müdaxilə hazırlaması ilə bağlı bəyanatlarını şərh edərkən deyib ki, Fransa Nigerə hərbi müdaxiləyə hazırlaşmır və ölkədə konstitusiya quruluşunun bərpasına ümid edir: “Biz bunun yalan olduğunu qəti şəkildə bildiririk”.
  Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, Nigerdə baş verən hadisələr uzun müddətdir davam edən prosesin qaçılmaz nəticəsidir. Analitik qeyd edib ki, Fransa Afrika ölkələrini uzun illərdir istila və istismar etməkdədir: "Fransa Afrika ölkələrinin sərvətini istismar etməklə bərabər o məzlum ölkələrə münasibətdə çox amansız və insafsız olub. Hazırda Rusiyanın da bu işlərə müdaxiləsini görürük. Bu müdaxilənin aktiv fazaya keçməsi Rusiyanın maddi maraqlarından çox siyasi maraqlara xidmət edir. Moskva Ukrayna savaşından diqqəti yayındırmaq və Kiyevə dəstək verən Qərb ölkələrinin başlarını başqa problemlərə qatmaq niyyəti güdür. Habelə Rusiyaya düşmən mövqedə dayanan Qərb ölkələrinin istila etdiyi Afrika dövlətlərini Kremlə yaxınlaşdırmaq istəyir. Faktiki olaraq Fransa Afrikadan qovulur və nüfuzunu itirir. Bu, Fransanın tək Afrikada yox, həmçinin dünyada da siyasi çəkisinin azalmasına səbəb olmaqdadır. Rəsmi Parisin Nigerdə hərbi əməliyyatlara başlayacağı real görünmür. Fransanın bu duruma düşməsində Prezident E.Makronun rolu böyükdür. Onun xarici və daxili siyasətdə yol verdiyi bir çox nöqsanlar həm Fransa xalqı üçün, həm də Fransanın dünya ölkələri ilə münasibətlərinə böyük zərbədir".
  Ekspert vurğulayıb ki, Türkiyə və Azərbaycana qarşı Ermənistan kartından istifadə edən Fransa Afrikadan məhrum olmaqdadır: "Afrika Türkiyə üçün də önəmli bölgədir. Rusiya bu işlərdə aparıcı rol almaq istəsə də, Türkiyə kimi dövlətlərin maraqları ilə razılaşmalı olacaq. Ən azı toqquşan maraqlar qarşısında, eyniylə Liviya, İraq məsələsində olduğu kimi geri çəkilməyə məcbur qalacaq. Ukrayna savaşına görə, dünyada mövqeyini itirməkdə olan Rusiya Afrikada təkbaşına meydana girə bilməz. Həlledici mərhələyə çatanda Moskvaya təzyiqlər artacaq. Ən azı Rusiyanı zəiflətmək niyyətində olanlar onun Afrika vasitəsilə güc və nüfuz toplamasına imkan verməzlər".