Gələn həftə Parisdə “İstəklilər Koalisiyası”nın toplantısı keçiriləcək

NATO Baş katibi Mark Rutte və Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi Parisdə Ukraynaya dəstək məqsədilə keçiriləcək "İstəklilər Koalisiyası"nın toplantısına qatılacaq.

“Reuters“ xəbər verir ki, bu barədə Fransa Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, görüş bu həftə keçirilən NATO sammitindən sonra Ukraynaya dəstəyin davam etdirilməsi istiqamətində əldə olunan dinamikanı qoruyub saxlamağa xidmət edəcək.

Yelisey Sarayının açıqlamasına görə, Ukrayna ilə Rusiya arasında atəşkəs əldə olunacağı təqdirdə, Kiyevə veriləcək təhlükəsizlik təminatları ilə bağlı planlaşdırma işləri də davam etdirilir.