Gələn il pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

Nazir deyib ki, 516 manat pensiyaya az demək olmaz


  "Yaşayış minimumu və ehtiyac meyarının bərabər tutulması gələn il də davam edəcək". Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Musa Quliyev bildirib ki, bu tendensiya artıq davam edəcək: “Sosial sığorta haqqında qanun”un 4-cü maddəsinə dəyişiklik ediləcək. Bu, sığortaolunanların seçim imkanlarının dəqiqləşdirilməsinə kömək edəcək. “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik də pozitiv dəyişiklikdir”.

  Komitə sədri bildirib ki, cari və növbəti illərdə də orta aylıq pensiyanın, orta aylıq əməkhaqqıya nisbəti müvafiq olaraq, 46,8 faiz və 49,3 faiz olmaqla Avropa sosial xartiyasının tələblərinə cavab verəcək: “Pensiyaçıların sosial rifahının qorunması məqsədilə əmək pensiyaçılarına verilən maddi yardımlar pensiyaların tərkibinə daxil edilərək indeksləşdirilib. Növbəti ildən 3 yaşına kimi uşağa qulluğa, hamilələrə və s. 181,6 milyon manat vəsait nəzərdə tutulub".

"Gələn ildən yaşa görə pensiyanın orta məbləği 50 manat artırılacaq"

  Musa Quliyev deyib ki, yaşa görə pensiyanın orta məbləği 50 manat artırılaraq 516 manata çatdırılacaq: “Əlilliyə görə pensiyanın orta aylıq məbləği cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artırılaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə 454 manata yüksəlməsi proqnozlaşdırılır”.

  Əmək və sosial müdafiə naziri Sahil Babayev deyib ki, vətəndaşın leqal əməkhaqqı alması, sosial sığorta haqqı ödəməsi pensiya artımına təsir edən əsas amildir. Nazir bildirib ki, bu sahədə işləri davam edəcək: “Bu gün mütləq rəqəmlər bizim arzu etdiyimiz rəqəmlərdən azdır. İşə düzəlmə ilə bağlı işlər dinamikləşdirilib. 500 min işsiz şəxs məşğulluq mərkəzləri vasitəsilə işə düzəlib. İşəgötürənlərin vakansiyalarının elektron portala yerləşdirilməsi problemi var idi. Son 5 ildə 700 mindən çox vakansiya elektron portalda yerləşdirilib. Növbəti illərdə bu rəqəmlərin daha da artacağına inanıram”. 

  Sahil Babayev insanların işsizliyə stimullaşdırılmasına qarşı olduğunu bildirib: “İşsizliyə görə sığorta haqları müəyyən müddət işləmiş şəxslərə verilir. Burada ana prinsip işdən çıxan şəxsin iradəsindən kənar hal olmalıdır ki, ona bu vəsaiti verə bilək. Əks halda biz onları işsizliyə stimullaşdırmış olarıq. Növbəti olaraq, biz sığorta stajının müddətini 30 aydan 24 aya endiririk. 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək. Əvvəl bu tələb 3 il idi. Növbəti ildə biz 15 milyona yaxın sığorta ödənişi etməyi planlaşdırırıq”.

Azərbaycanda pensiyanın sürətlə artmasının hansı amildən asılı olduğu açıqlanıb 

  Sahil Babayev deyib ki, pensiyanın minimum əməkhaqqına nisbəti 80 faiz nisbətindədir: "Bu da ən yüksək nisbətdir". Nazir bildirib ki, dövlət sosial xərcləri öz üzərinə götürərək, aztəminatlı pensiyaçıları təmin etmək üçün belə humanist addım atır: “Əmək bazarının, əməkhaqqı fondunun şəffaflaşdırılması kimi maneələr orta aylıq əməkhaqqının artmasına mənfi təsir göstərir. Azərbaycanda əməkhaqqı fondu ÜDM-nin ən azı 28-30 faizinə çatmalıdır ki, pensiya və sosial sığorta sürətlə arta bilsin. Hazırda bu rəqəm 20 faizdir”.

  Nazir deyib ki, mütləq rəqəmlərimiz az deyil, sadəcə, ürəyimiz istəyən səviyyədə deyil: "516 manat pensiyaya az demək olmaz. Regionumuza görə pensiyanın tam az olduğunu demək olmaz. Median əməkhaqqı son 4 ildə 2,4 dəfə, median pensiya 2,5 dəfə artıb. Növbəti il indeksasiya baş verəndə median pensiyamız 10 faiz artacaq. Bu da baza ilə müqayisədə ciddi şəkildə artım deməkdir. 5 il əvvəl orta pensiya 227 manat ətrafında idi, artıq 516 manata gəlib çatıb. Bu gün pensiya əməkhaqqından daha sürətlə artır. Çünki dövlət böyük sosial yükü öz üzərinə götürüb. Orta pensiyanın orta əməkhaqqına nisbəti məsələsi var. Minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 60 faiz tövsiyə edilir. Amma Avropada cəmi 4-5 ölkədə bu nisbətə çatılır. Bizdə bu rəqəm 45-40 faiz ətrafındadır. Biz minimum əməkhaqqını artırmalıyıq. Bunun üçün iş gedir. Sadəcə, bu elə həddə çatdırılmalıdır ki, bu, özəl sektor üçün məsuliyyətə çevrilsin. Növbəti dövrlərdə bu addımlar atılacaq”.

DSMF-nin 1 milyard manatdan artıq sərbəst vəsaiti investisiyaya yönəldiləcək

  Sahil Babayev deyib ki, gələn il DSMF-nin 1 milyard manatdan artıq sərbəst vəsaiti investisiyaya yönəldiləcək: "Həm Dövlət Sosial Müdafiə Fondunu, həm də İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə dair qanun və qayda hazırlanıb. DSMF artıq investisiya fəaliyyətinə başlayıb. Qaydalar iyun ayında təsdiq olunub, avqust ayından investisiya fəaliyyətinə başlamışıq. İlin sonunda hesabat Milli Məclisin deputatlarına təqdim ediləcək. Burada gizli heç nə yoxdur. Bu vəsaitlər həssas kateqoriyaya aiddir. İkinci qayda isə o vəsaitlərin investisiya edilməsindən əldə ediləcək gəlirin hara xərclənəcəyi ilə bağlıdır. Burada bir neçə istiqamət var. Birinci ana istiqamət sosial islahatların maliyyələşdirilməsidir. İkinci istiqamət bu investisiyalardan postmüharibə kontingenti - şəhid ailələri, müharibə əlilləri üçün ev alınması, onlara reabilitasiya xidməti göstərilməsi və digərləridir. Konseptual yanaşma ondan ibarətdir ki, bu vəsait heç cür itirilə bilməz. Riski aşağı olan sərbəst vəsaitlər investisiyaya yönəldilir. Yanvar ayının 1-də sərbəst vəsait olaraq elan edilmiş 1 milyard manatdan artıq vəsait investisiyaya yönəldiləcək. Əldə olunan mənfəətlər ilk olaraq şəhid ailələri və müharibə əlillərinə yönəldiləcək”. Sahil Babayev qeyd edib ki, keçmiş məcburi köçkünlər üçün tikilən komplekslərdə həmin rayonlarda olan şəhid ailə və əlillərin mənzillə təmin olunmasından sonra həmin mənzillərin satışını təklif ediblər: “Çox ucuz qiymətə komplekslərdən asılı olaraq mənzillər satılır. Hər 6 aydan bir bu mənzillər təqdim olunur. Amma ödənişsiz mənzillə təmin edilmə yalnız müharibə əlilləri və şəhid ailələri üçündür ki, bu investisiyadan əldə olunan gəlirdən bu istiqamətə də istifadə ediləcək”.