"Güclü Ermənistan" seçki pozuntuları ilə bağlı yeni iddialar irəli sürüb

Ermənistanda parlament seçkilərində iştirak edən “Güclü Ermənistan” bloku seçici sayında ciddi uyğunsuzluqlar və mümkün seçki pozuntuları ilə bağlı yeni məlumatlar açıqlayıb.

Sherg.az-ın məlumatına görə, blokun deputatlığa namizədi və hüquq müdafiəçisi Qoar Meloyan bildirib ki, rəsmi statistikada seçicilərin sayı ilə bağlı fərqli rəqəmlər mövcuddur. Onun sözlərinə görə, həmçinin 689 ünvanda 20-dən 303 nəfərə qədər şəxsin qeydiyyatda olduğu müəyyən edilib.

Meloyan hazırda aşkar olunan uyğunsuzluqların araşdırıldığını və mümkün seçki pozuntularına dair əlavə materialların toplandığını qeyd edib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, hakim "Vətəndaş Müqaviləsi" Partiyası 49,82 faiz səslə lider olub. Samvel Karapetyan rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku 23,28 faiz, Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 9,93 faiz səs toplayıb.