"Ermənistandakı parlament seçkilərindən sonra Cənubi Qafqazda Rusiyanın təsiri minimum enəcək”
Avropa İttifaqı (Aİ) ədalətsizlik kompleksini dəf edərsə, Gürcüstanla münasibətləri asanlıqla bərpa olunacaq”. Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir vurğulayıb ki, münasibətlərdə əsas məsələ ədalət prinsipidir. Əgər münasibətlər ədalətli prinsiplərə əsaslanmırsa, bu münasibətlərin perspektivi yoxdur: “ Gürcüstanla Avropa İttifaqı arasındakı əsas problem ədalətsizlik, gürcü xalqına və dövlətinə qarşı ədalətsiz münasibətdir. Burada da ikili standartlar, tamamilə ədalətsiz qiymətləndirmələr var. Gürcüstan Aİ üzvlüyünə namizəd ölkələr arasında mütləq liderdir - hər cəhətdən. Amma Avropa bürokratiyası bu fonda Gürcüstanda hökuməti dəyişdirmək qərarına gəlib. Bu qərarı da biz müqavimət göstərdikdən və (Rusiya ilə Ukrayna arasında) müharibəyə qoşulmadıqdan sonra veriblər. Bu qərar həyata keçirilməlidir, onlar üçün ədalətsizlik bu qərarı həyata keçirmək üçün yeganə vasitədir”.
İrakli Kobaxidze Aİ-ni 2024-cü ildə Gürcüstanda keçirilən bələdiyyə seçkilərinə birbaşa müdaxilədə ittiham edib: “Ədalətsizliyin olduğu yerdə sağlam münasibətlər ola bilməz. Buna uyğun olaraq, indi Avropa bürokratiyası öz ədalətsizliyinin girovuna çevrilib, bu dairədən çıxa bilmirlər. Bu ədalətsizlik dairəsini özləri yaradıblar. Onlar öz ədalətsizlikləri əsasında yaratdıqları kompleksləri dəf etməlidirlər. Əgər Avropa bürokratiyası öz komplekslərini dəf edərsə, Gürcüstanla Avropa İttifaqı arasındakı münasibətlər çox asanlıqla bərpa edilə bilər”.
Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqı ilə bağlı dediklərində müəyyən qədər həqiqət payı olduğunu deyib. Onun sözlərinə görə, Avropa İttifaqının Azərbaycan və Türkiyəyə münasibətdə zaman-zaman qərəzli və ikili standartlara əsaslanan siyasət yeritdiyini aydın şəkildə hiss etmişik. Lakin Gürcüstanla Avropa İttifaqı arasındakı münasibətlərin pozulmasının səbəbi təkcə Aİ-nin qərəzli olması deyil:
“Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsinin əsas səbəbi Brüsselin mövqeyindən daha çox, son illərdə Tbilisinin xarici siyasətdə getdikcə Rusiyaya yaxınlaşması ilə bağlıdır. Gürcüstanın son illər açıq şəkildə Rusiya meyilli siyasət yeritməsi sir deyil. Bu təkcə özünü Gürcüstanın Rusiya- Ukrayna müharibəsində tətbiq edilən sanksiyalara qoşulmamasında göstərmir. Qərblə münasibətlərdə daha sərt və məsafəli xətt seçməsi Aİ ilə münasibətlərdə etimad böhranını dərinləşdirib. Gürcüstan hakimiyyəti zamanla anladı ki, Avropa İttifaqının və digər qərb ölkələrinin Cənubi Osetiya və Abxaziya məsələsində Tbilisinin ərazi bütövlüyünü bərpa etmək istəyi və yaxud, real gücü, siyasi iradəsi yoxdur. Bu da Gürcüstanı qane etmədiyindən rəsmi Tbilisi son illərdə Rusiyaya yaxınlaşma siyasətinə üstünlük verdi və hesab etdi ki, Moskva ilə münasibətlərin normallaşdırılması gələcəkdə bu problemlərin həllinə müəyyən imkan yarada bilər. Lakin sonrakı proseslər göstərdi ki, Gürcüstanın bu gözləntiləri özünü doğrultmadı. Rusiya ilə münasibətlərin tam şəkildə bərpası mümkün olmadı, əksinə Moskvanın Cənubi Osetiya və Abxaziya ilə inteqrasiyanı daha da dərinləşdirməsi Gürcüstanda bu məsələdə ümidlərin azalmasına səbəb oldu. Hətta Rusiya rəsmiləri açıq şəkildə bəyan edirdilər ki, Gürcüstanla Rusiyanın diplomatik münasibətlərini bərpa etməsinə mane olan əsas məsələ Cənubi Osetiya və Abxaziyanın Gürcüstana qaytarılması tələbidir. Görünür, artıq Gürcüstan artıq Rusiyanın həmin əraziləri qaytarmaq fikrində olmadığını anlayıb”.
Politoloq qeyd edib ki, mayın 9-da Rusiya ilə Cənubi Osetiya arasında inteqrasiyanın daha da dərinləşdirilməsi barədə imzalanan son sənəd və Osetiya rəhbərliyinin bu sənədi “osetin xalqının birləşməsinin başlanğıcı” kimi dəyərləndirməsi Gürcüstan üçün ciddi siqnaldır: “Cənubi Osetiya açıq –aşkar Rusiyaya birləşmək siyasəti yeridir. Arxasınca, Abxaziyanın da bu sənədi imzalaması istisna deyil. Bu reallıqdan sonra Tbilisi artıq anlayır ki, Moskvanın həmin əraziləri geri qaytarmaq niyyəti yoxdur və bu reallıq Gürcüstanı yenidən Avropa ilə münasibətləri normallaşdırmağa sövq edə bilər. Hesab edirəm ki, Gürcüstanın bu dönüşü Aİ tərəfindən də müsbət qarşılanacaq və dəstəklənəcək. Onu da deyim ki, Gürcüstanın yenidən Avropa istiqamətinə yaxınlaşması həm ölkənin öz maraqları, həm də bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturası baxımından vacibdir. Regionda Rusiyanın təsirinin zəifləməsi üçün Azərbaycan, Ermənistan və Gürcüstanın daha koordinasiyalı siyasət yürütməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanla Ermənistan artıq bu istiqamətdə real addımlar atır. Ümid edək ki, Gürcüstan da qısa müddət ərzində Aİ ilə münasibətlərinin əvvəlki səviyyəyə qaytara biləcək və Ermənistandakı parlament seçkilərindən sonra Cənubi Qafqazda Rusiyanın təsiri minimum enəcək”.