Hakimiyyətin ikinci şəxsi - Pezeşkian müxalif kimi çıxış edir - İranlı ekspert

Sadiq İsabəyli vəziyyətin daha da kəskinləşəcəyini proqnozlaşdırır

İranda hakimiyyətlə cəmiyyət arasındakı münasibətlər yenidən müzakirə mövzusudur. Prezident Məsud Pezeşkian çıxışlarında əsas məqsədinin xalqa xidmət etmək və problemləri həll etmək olduğunu bildirir.

O vurğulayır ki, hökumət problem yaratmaq üçün deyil, onları aradan qaldırmaq üçün fəaliyyət göstərməlidir. Bunun xalqla empatiya və əməkdaşlıq olmadan mümkün olmadığını deyir.

Pezeşkian dövlət qurumlarını özünütənqidə çağırır. Yerinə yetirilməsi mümkün olmayan vədlər vermədiyini bildirir. Narazılıqların səbəblərinin aradan qaldırılmasının vacibliyini qeyd edir.

Bununla yanaşı, ölkədə mövcud siyasi sistemin xüsusiyyətləri və səlahiyyət bölgüsü fonunda bu bəyanatların praktik nəticələri ilə bağlı müxtəlif yanaşmalar var.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, iranlı siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Sherg.az-a Pezeşkian və onun xalqla hakimiyyət arasındakı münasibətlərə sərgilədiyi mövqeyindən danışıb:

"İlk baxışda Pezeşkianın vətəndaşlara münasibətdə səmimi görünməyə çalışdığı hiss olunur. O demək istəyir ki, heç bir siyasi təsir və ya məhdudiyyət altında bu səmimiyyətini itirmək niyyətində deyil. Onun fikrincə, xalqla hakimiyyət arasındakı münasibətlərin tənzimlənməsi son dərəcə önəmlidir. Çıxışlarında bunu dəfələrlə vurğulayıb. Bildirib ki, əgər vətəndaşla hakimiyyət arasındakı münasibətlər sağlam qurulsa, bu hər kəsin xeyrinə olar. Bu, ölkə daxilində sabitliyə və inkişafa şərait yaradar. Eyni zamanda qanunlara əsaslanan münasibətlər sistemi formalaşa bilər. Lakin Pezeşkian bu münasibətlərdə problemlər yaradan konkret səbəblər barədə açıq danışmır. Məsul tərəflərin adını çəkmir. Ümumi ifadələrlə kifayətlənir.

Məlumdur ki, İranın siyasi və ideoloji hakimiyyəti dini rəhbərlik institutundan asılıdır. Hakimiyyətin əsas dayaqlarından biri Sepahdır. Sepah həm ideoloji, həm də hərbi gücə malikdir. Bu qurum artıq bir çox sahələrdə ciddi təsir qazanıb. Siyasi, iqtisadi və ictimai müstəvidə mövqelərini gücləndirib. Üstəlik, silahlı gücə sahib olması onun imkanlarını artırır. Hakimiyyətdə kimin təmsil olunmasından asılı olmayaraq, Sepah öz təsirini qoruyur".

Analitik Həsən Ruhani dövründə də bu müdaxilələrin açıq hiss olunduğunu, SEPAH-ın xarici siyasətə müdaxilə etdiyini söyləyib:

"Sepah Həsən Ruhani dövründə də daxili siyasət və iqtisadi proseslərdə də fəal idi. Məsələn, Bəşar Əsədin İrana səfəri zamanı maraqlı hadisə baş verdi. O zaman xarici işlər naziri olan Məhəmməd Cavad Zərif prosesdən kənarda qaldı. Buna etiraz olaraq istefa verdi. O bildirdi ki, ölkənin xarici siyasətində baş verənlərdən televiziya vasitəsilə xəbər tutursa, vəzifədə qalmasının mənası yoxdur. Sonradan dini rəhbərliyin müdaxiləsi ilə istefası qəbul edilmədi.

Pezeşkian hakimiyyətlə xalq arasındakı uçurumu aradan qaldırmaq istədiyini bildirir. O, münasibətlərin qanuni müstəvidə həllini vacib sayır. Şəffaflıq və cavabdehlik prinsipinin gücləndirilməsini vurğulayır. Lakin burada ziddiyyət yaranır. O, Konstitusiyaya görə dövlətin ikinci şəxsidir. Buna baxmayaraq, bəzən özünü müxalif siyasətçi kimi aparır. Əgər prezident səlahiyyətlərini icra edə bilmirsə, bunu açıq deməlidir. Əgər ona məhdudiyyətlər qoyulursa, bunu cəmiyyətə izah etməlidir. Əks halda, ümumi bəyanatlar inamsızlıq yaradır.

“Qanunlara əməl olunmasa, xarici müdaxilə güclənəcək” kimi fikirlər tez-tez səsləndirilir. Bu yanaşma qorxu mühiti formalaşdırır. Halbuki əsas məsələ konkret həll yollarının göstərilməsidir. Əgər bütün yük vətəndaşın üzərinə qoyulursa, bu inandırıcı görünmür. İnsan həm iqtisadi çətinliklərə dözməli, həm də etiraz imkanından məhrum qalmalı deyil".

Ekspert hazırda ölkədə ciddi iqtisadi problemlərin olduğunu bildirib: 

"Qiymətlər sürətlə artır. Maaşlar dəyərini itirir. Sosial narazılıq dərinləşir. İctimai-siyasi azadlıqlar məhduddur. Söz və ifadə azadlığı ilə bağlı problemlər qalır. İnsanlar haqlarını tələb etdikdə təzyiqlə üzləşirlər. Bu halda dəyişiklik üçün hüquqi və siyasi yolların bağlı olması barədə suallar yaranır.

Məhəmməd Xatəmi dövründən islahat vədləri verilib. Sonrakı prezidentlər də oxşar vədlərlə çıxış ediblər. Mahmud Əhmədinejad və Həsən Ruhani müxtəlif proqramlar təqdim ediblər. Hətta vətəndaş hüquqları ilə bağlı konsepsiyalar hazırlanıb. Lakin gözlənilən nəticələr əldə olunmayıb. Bu gün SEPAH-ın təsirinin daha da artdığı müşahidə olunur. Bəzi islahatçı fiqurlara qarşı təzyiqlər güclənib.

Pezeşkianın səmimi niyyətləri ola bilər. O, cəmiyyətin narazılıqlarını anlayır. Bunu çıxışlarında ifadə etməyə çalışır. Lakin konkret və cəsarətli addımlar atılmasa, bu sözlər kifayət etmir. Xüsusilə son etirazlar zamanı onun mövqeyi suallar doğurdu. O, hakimiyyətin rəsmi ritorikasına yaxın mövqe sərgilədi. Etirazçıları terrorla əlaqələndirdi. Lakin təhlükəsizlik qüvvələrinin- polisin və xüsusi təyinatlı qüvvələrin insanlara küçələrdə atəş açması ilə bağlı bir kəlmə belə etiraz etmədi. Bu isə legitimliyi ilə bağlı sualları artırdı".

Sadiq İsabəyli əsas problemin sistemin özü olduğunu vurğulayıb: 

"Sistem qapalı və ideoloji xarakter daşıyır. İslahatlara açıq olmayan siyasi rejimlər hər zaman böhran, problem içində olacaqlar. Şəffaflıq olmadan problemlərin həlli mümkün deyil. Əks halda böhran davam edəcək. Hesab edirəm ki, vəziyyət daha da kəskinləşəcək".