Nüvə proqramı üzrə güzəştə getmək, İran xalqı tərəfindən milli maraqların satılması kimi qəbul olunacaq
ABŞ və İran arasında diplomatik təmaslar razılaşmaya doğru yol alır. ABŞ prezidenti Donald Tramp İranla yaxın iki-üç saat ərzində memorandum imzalayacaqlarını açıqlayıb. Prezidentin İsrailə münasibəti də dəyişib. O, İsrail ordusunun bu gün Livanın paytaxtı Beyruta endirdiyi zərbələri pisləyib. Bu dəfə razılaşma barədə məlumatları qarşı tərəf də təsdiqləyir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai, hazırlanan memorandumun müharibənin dayandırılmasına xidmət etdini bildirib. Artıq Qətər nümayəndə heyəti də sülh razılaşmasını müzakirə etmək üçün Tehrana yollanıb.
Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a bildirib ki, Trampın İran ilə saziş imzalayacağına dair bəyanatları, Vaşinqton-Tehran xəttində gərginliyin diplomatik müstəvidə yenidən formalaşmağa başladığını göstərir:
"Lakin mövcud şərtləri nəzərə aldıqda, tərəflərin qısa müddət ərzində yekun sülk müqaviləsinə imza atacaqlarını söyləmək çətindir. Trampın diqqət çəkdiyi razılaşma, Obama dövründə imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planından fərqli mahiyyət kəsb edir. Həmin sazişdə, İranın uran zənginləşdirmə fəaliyyəti tam məhdudlaşdırılmadı. Trampın dediyi yeni model isə faktiki olaraq İranın nüvə fəaliyyətinin üzərindən xətt çəkir. İran üçün ən həssas məsələ zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılmasıdır”.
Ekspertin sözlərinə görə, rəsmi Tehran nüvə proqramını dövlət suverenliyinin ayrılmaz parçası olaraq qəbul edir:
“İran xalqı, Trampın uran ehtiyatlarını ölkə xaricinə çıxarmaq tələbini xoş qarşılamayacaq. Tehranın rəsmi dairələri təklifə ehtiyatlı və məsafəli yanaşır. Çünki nüvə proqramı üzrə güzəştə getmək, İran xalqı tərəfindən milli maraqların satılması kimi qəbul olunacaq. Tramp İranın nüvə proqramından tamamilə imtina etməyəcəklərini bilir. Ona görə də, ehtiyatları üçüncü ölkəyə verilməsi qarşılığında, İrana tətbiq edilən sanksiyaların tamamilə ləğv edilməsini təklif edəcək. Yaxın Şərqdə artan hərbi gərginlik, İsrail-İran qarşıdurmasının kəskinləşməsi, Körfəz regionunun təhlükəsizlik arxitekturasında yaranan risklər həm Vaşinqtonu, həm də Tehranı daha rasional razılaşma imzalamağa məcbur edir”.
İ.Cingöz onu da qeyd edib ki, ABŞ-İran arasında həllini tapmayan məsələlərdən biri də Hörmüz boğazı ilə bağlıdır:
“Vaşinqton üçün prioritet vəzifə, Hörmüz boğazında naviqasiya azadlığının bərpası olduğu halda, Tehranın əsas hədəfi liman blokadasının aradan qaldırılması və boğaz üzərindəki suverenliyin Omanla bölüşdürülməsindən ibarətdir. İmzalanacaq hər hansı bir memorandum bütün problemlərin aradan qaldırmağa yetməyəcək. Bu sənəd sadəcə növbəti genişmiqyaslı danışıqlara gedən yol üçün hüquqi və siyasi baza rolunu oynayır”.