Həşərat əleyhinə dərmanlarla ehtiyatlı olun: Sinir iflici, təhlükəli sonlar...

İsti yay günlərində həşəratların sayı çoxalır. Qarşısını almaq üçün müxtəlif növ dərmanlardan, preparatlardan istifadə edilir. Bəzən  bu vasitələr  zəhərlənmə hallarına gətirib çıxarır.

Məsələn, avqustun 16-ı Sumqayıt şəhərindəki sexlərin birində kütləvi zəhərlənmə baş verib. 

Buna səbəb  da qeyd etdiyimiz kimi, həşərat əleyhinə dərman preparatlarından istifadə olub. 

Sözügedən hallarla bağlı “Sherg.az”a danışan həkim-terapevt Şahvələd Məmmədov bildirib ki, preparatlar kimyəvi maddələrdir, istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır:

“Onlar toz şəklində istehsal olunur və suda həll olunaraq, qablarda saxlanılır. Bundan sonrakı prosesdə isə preparat divara, döşəməyə və başqa yerlərə-həşəratların çox olduğu künclərə tökülür. Belə hallarda isə istər iaşə obyektinə, istərsə də şəxsi mənzilə azı 24 saat, ümumilikdə 72 saata qədər daxil olmamaq məsləhət görülür”. 

Həkim həmçinin qeyd edib ki, baş verən zəhərlənmə hələ yüngül vəziyyətdə ötüb keçib:

"Əgər vəziyyət ağır olsa, neyrotoksikoz adlanan hal baş verə bilərdi. Bu dərmanların təsiri sinir iflicinə və başqa  təhlükəli sonla bitən hadisələrə gətirib çıxara bilər”.

Səbinə Elmanqızı