"İslamabad ABŞ-İran qarşıdurmasını dayandıra biləcək əsas vasitəçiyə çevrilir"
Yaxın Şərqdə gərginlik davam edərkən regional diplomatik təşəbbüslər intensivləşməkdədir. Xüsusilə ABŞ-İran qarşıdurmasının yaratdığı risklər fonunda vasitəçilik səyləri, atəşkəs perspektivləri və Hörmüz boğazının gələcək statusu beynəlxalq gündəliyin əsas mövzularından biri olaraq qalır. Bu kontekstdə Pakistanın diplomatik fəaliyyəti və İranın xarici işlər naziri Abbas Əraqçinin İslamabada gözlənilən səfəri regionda sabitliyin təmin olunmasına yönəlmiş mühüm addımlardan biri kimi dəyərləndirilir.
İslamabadda yerləşən “Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (CSAIS) icraçı direktoru, Pakistan-Çin İnformasiya Dəhlizi QHT-sinin rəhbəri, Azərbaycan, MDB, Çin və BRİKS ölkələri üzrə pakistanlı mütəxəssis Mahmud Ul Hasan Xan Sherg.az-a deyib ki, Pakistan regional və qlobal diplomatiyada “maqnit qüvvəsinə” çevrilməkdədir:
“Konstruktiv dialoq və davamlı təmaslar vasitəsilə o, gərginliyi tədricən azaldır, Fars körfəzində davamlı sülh və sabitliyin təmin olunmasına doğru irəliləyir. İranın xarici işlər naziri Abbas Əraqçinin avqustun 7-də Pakistana gözlənilən səfərinin ABŞ-İran arasında davam edən qarşıdurmada atəşkəsin təmin edilməsinə yönəlmiş məsləhətləşmələr və əlaqələndirilmiş səylər üçün perspektivləri daha da gücləndirəcəyi gözlənilir”.
Analitik bildirib ki, hazırkı məqam neft, qaz və ərzaq məhsullarının fasiləsiz daşınması üçün həyati əhəmiyyət daşıyan strateji keçid nöqtəsi olan Hörmüz boğazı məsələsi ilə bağlı vaxtında, hərtərəfli və inklüziv regional konsensusun əldə olunması üçün əlverişlidir:
“Belə bir konsensus əsas regional tərəflər və qlobal güc mərkəzləri arasında dayanmış texniki danışıqların yenidən başlanmasına əhəmiyyətli töhfə verər. Bu, həmçinin Körfəz Əməkdaşlıq Şurasının (GCC) və daha geniş beynəlxalq ictimaiyyətin maraqlarının qorunmasında mühüm rol oynayar. Çünki enerji çatışmazlığı artıq bir çox paytaxtlarda ciddi şəkildə hiss olunur. Bunun əsas yükünü isə adi insanlar daşıyırlar.
Diplomatik mənbələrin məlumatına görə, xarici işlər naziri Əraqçi Pakistana səfəri çərçivəsində İslamabadda Pakistan rəsmiləri, böyük ehtimalla feldmarşal Seyid Asim Munirlə də yüksək səviyyəli görüşlər keçirəcək. Danışıqlarda ikitərəfli münasibətlər, regional təhlükəsizlik arxitekturası, Yaxın Şərqdə inkişaf edən vəziyyət, xüsusilə texniki dialoqun bərpası, Hörmüz boğazının açılması, İrana tətbiq olunan sosial-iqtisadi sanksiyaların aradan qaldırılması və daha geniş təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir”.
Ekspert səfərin ABŞ-İran gərginliyinin davam etdiyi və regional diplomatik təşəbbüslərin intensivləşdiyi kritik bir dövrə təsadüf etdiyini qeyd edib:
“Pakistanın inteqrasiya olunmuş və səmimi vasitəçilik səylərinin Fars körfəzində davam edən eskalasiya fonunda çox ehtiyac duyulan atəşkəsə və davamlı sülhə gətirib çıxaracağına ümid edirəm. Hazırkı gərginlik isə bütün Yaxın Şərq regionuna ciddi təsir göstərir”.