- “Türkiyə-Azərbaycan münasibətlərini pozmaq istəyənlər buna nail ola bilməzlər”
- Hulusi Kılıç: “Azərbaycan tək deyil, qardaşlığımız möhkəm təməllər üzərindədir”
BMT Baş Assambleyasının son iclasında İsrailin Baş naziri Binyamin Netanyahunun çıxışı zamanı müxtəlif ölkələrin nümayəndələrinin fərqli mövqe nümayiş etdirməsi sosial mediada geniş müzakirələrə yol açıb. Bir sıra nümayəndələrin zalı tərk etməsi, digərlərinin isə çıxışı dinləmək üçün yerində qalması fonunda azərbaycanlı diplomatın da zalda olması diqqət çəkib. Sözügedən görüntülərdən sonra sosial şəbəkələrdə Azərbaycanın mövqeyi və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı müxtəlif şərhlər səsləndirilib.
Məsələ ətrafında yaranan müzakirələr fonunda iki ölkə arasındakı münasibətlərin yalnız son dövrün siyasi gündəliyi ilə deyil, uzun illər ərzində formalaşmış tarixi, siyasi və strateji əlaqələr kontekstində dəyərləndirilməsi diqqət çəkir. Eyni zamanda Azərbaycanın xarici siyasətində müxtəlif dövlətlərlə münasibətlərini milli maraqları əsasında müəyyənləşdirməsi, Türkiyə ilə strateji tərəfdaşlığını qoruması və Fələstin məsələsində nümayiş etdirdiyi mövqe də mövzunun mühüm istiqamətlərindəndir.
Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA İB-nin Türkiyə nümayəndəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Müvəkkillər Heyətinin üzvü Hulusi Kılıç Sherg.az-a Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmliyindən, BMT-də baş verən hadisənin mümkün mesajlarından, Azərbaycanın İsrail və Fələstinlə münasibətlərindən danışıb:
"Türkiyə və Azərbaycan arasındakı münasibətlər sarsılmazdır. Buna heç kim təsir edə bilməz. Ayrı-ayrı media nümayəndələri, sosial şəbəkə istifadəçiləri, köşə yazarları bu münasibətlərə zərər vurmağa çalışırlar. Amma onlar buna nail ola bilməzlər. Çünki bu münasibətlər bir gündə qurulan münasibətlər deyil. Bu əlaqələr əsrlərə söykənir. 1915-ci il Çanaqqala müharibəsindən, Azərbaycanımız dövlət olduqdan bu yana hər zaman iç-içə olmuşuq. Ona görə də belə şeylərə qulaq asmamaq lazımdır. Mənim həmişə işlətdiyim bir ifadə var: “İt hürər, karvan keçər”. Bunlar istəmədiyimiz, xoşagəlməz, lazımsız şeylərdir. Amma hər iki dövlətimiz, liderlərimiz son dərəcə diqqətlidir. Yayılan iddiaların tamamilə pis niyyətlə və kənardan qaynaqlanan təşviqlərlə ortaya çıxdığına inanırıq. Yəni bunlarda az da olsa, türk qanı varsa, belə bir tənqid edə bilməzlər. Çünki biz deyirik ki, “Biz bir ailəyik”. Əgər ailə olduğumuzu qəbul ediriksə, aramızda problemlər ola bilər. Bu, ailədaxili problemdir. Ailənin problemini də kənara söyləmək doğru deyil, etik deyil. Çünki siz bunu kənara söyləsəniz, düşmənlərinizi sevindirərsiniz! Ona görə də hər kəs ağlını başına toplamalı, düşmənlərimizi sevindirməməlidir!".
Sabiq səfir bildirib ki, dövlət idarəçiliyində, həm Azərbaycanda, həm də Türkiyədə elə bir düşüncə yoxdur:
"Sadəcə olaraq, bəzi blogerlər, Türkiyə-Azərbaycan münasibətlərini pozmaq istəyən bəzi çevrələr var. Mən sağlam düşüncə ilə bu səslərin eşidilməyəcəyinə inanıram. Bu, istəmədiyimiz bir mühitdir, biz bunların da öhdəsindən gələrik. İndiyədək nələrin öhtəsindən gəlmişik.
Belə bir kampaniyanı tamamilə qeyri-hökumət təşkilatları və ya Azərbaycan-Türkiyə qardaşlığının dəyərini bilməyən dairələr təşkil edirlər. Yəni bunu tamamilə məlumatsız şəkildə edirlər. Bu kampaniyanın kimə yararlı olacağını da hesablamırlar. Kampaniya bizə, həm Azərbaycan xalqına, həm də Türk xalqına narahatlıq verir. Azərbaycanı sevən, bilən və özünü Türk qəbul edən hər kəs bundan narahatdır. Ona görə də bunlar boş-boş danışırlar. Sabah bunlar bitəcək. Bizim üçün vacib olan çiyin-çiyinə, möhkəm durmağımızdır. Bunları eşitməməyimiz, qulaqlarımızı tutmağımız lazımdır. Yoxsa bu söhbətlərə dəyər vermiş olarıq.
Gördüyünüz kimi, nə Azərbaycandan, nə də Türkiyədən rəsmi reaksiya var. Yəni siz nə desəniz, deyin, biz bunları duymuruq. Çünki bunlar gerçəklikdən uzaq, pis niyyətlə söylənən sözlərdir. Dolayısı ilə, bu səssizlik qarşı tərəfə yaxşı bir cavabdır".
Diplomat vurğulayıb ki, bu söz-söhbəti çıxaranların ağıllarını başlarına yığmaları lazımdır:
"Azərbaycan müstəqil, suveren bir dövlətdir. Başqa ölkələrlə əlaqələrini öz maraqları çərçivəsində qurur. Biz iki, ayrı dövlətik. İki dövlətin də ayrı siyasəti var. Ona görə bəzi şeyləri də bilmək lazımdır.
Azərbaycan torpaqları 30 il işğal altında idi. Kim dəstək verdi Azərbaycana? Bunu, biz bilirik. Onun Ermənistanla əlaqələrinin nə olduğunu da bilirik. Ayrıca, 44 günlük Vətən müharibəsi zamanı yəhudi lobbisinin Azərbaycana verdiyi dəstəyi də bilirik. Dolayısı ilə, Azərbaycan-İsrail əlaqələrini yaxşı bilmək lazımdır. Həmçinin, Azərbaycanın Fələstinə çox dəyər verdiyini də görürük. O, 1992-ci ildə Fələstin dövlətini tanıdı. Azərbaycan məsələnin iki dövlət prinsipi ilə həllinin tərəfdarıdır. Yəni paytaxtı Şərqi Qüds olan bir Fələstin dövləti istəyir.
Ayrıca, Fələstinin Bakıdakı səfirliyin açılışında mən burada səfir idim. 29 iyun 2011-ci ildə. Bu səfirliyin bütün xərclərini Azərbaycan qarşılayır.
Eyni zamanda Azərbaycanın da Ramallahda nümayəndəliyi var. Azərbaycanımız Təl-Əvivdə səfirlik açdı, eyni tarixdə də Ramallahda nümayəndəlik açdı. Həmçinin Azərbaycan Fələstinə humanitar yardımlarını davamlı şəkildə edir. Qəzzadan 14 tələbə oxumaları üçün Bakıya gətirilib. Azərbaycan Fələstinə hər zaman dəstək oldu və bu dəstəyini də davam etdirir. Bu məsələlərin ikisini bir-birindən ayırmaq lazımdır".
Müsahibimiz qeyd edib ki, BMT Baş Assambleyasında hər ölkənin 4 yeri var:
"Orada qalan azərbaycanlı diplomatımız ən gənc diplomatdır. Bunun özü də bir mesajdır. Yəni “biz sizin etdiyinizi qəbul etmirik, baxın, ən gənc diplomatımızı göndərdik” mesajıdır. Bunu da hər kəs bilməz. BMT-də Türkiyənin heyətini gördünüz, nazirlər, prezidentimiz, üst səviyyəli vəzifəlilər var idi. Orada Azərbaycanın daimi nümayəndəsi var idimi? Xeyr, yox idi. Azərbaycandan bir nazir var idimi? Yox idi. Azərbaycanın orada daha yeni işə başlamış gənc bir diplomatı var idi, o da bir mesajdır: “Bu, sizi təsdiqləmirik” mesajı idi. Bunu bir diplomat olaraq açıq deyirəm.
Bizə hücum edənlər bunu yaxşı bilsin! “Türkiyə yoxdursa, mən varam” deyən cənab Prezident, “Azərbaycan tək deyil” deyən sayın Rəcəb Tayyib Ərdoğan var. Qardaşlığımız möhkəm təməllər üzərindədir və əbədidir".