İlham Əliyevin Serbiya səfəri: Strateji tərəfdaşlıq yeni mərhələyə keçir

Gənclər və idman sahəsində əməkdaşlıq gələcək nəsillər arasında qarşılıqlı anlaşmanı gücləndirəcək

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15–16-da Serbiyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olmasının növbəti təsdiqidir”.

Bu barədə “Sherg.az”a Milli Məclisin deputatı Elman Nəsirli bildirib. Deputatın fikrincə, Bakı–Belqrad münasibətləri son illər təkcə diplomatik təmaslar səviyyəsində deyil, konkret layihələr, investisiya təşəbbüsləri və qarşılıqlı siyasi dəstək üzərində qurulan institusional əməkdaşlıq modelinə çevrilib:

“Azərbaycan və Serbiya arasında siyasi dialoqun yüksək səviyyəsi prezidentlərin qarşılıqlı səfərlərinin intensivliyi ilə də təsdiqlənir. Prezident İlham Əliyevin Belqrada, Serbiya Prezidenti Aleksandar Vuçiçin isə Bakıya dəfələrlə səfər etməsi dövlətlərarası münasibətlərin etimada əsaslandığını göstərir. Bu isə xüsusilə müasir beynəlxalq münasibətlər sistemində mühüm amildir. Çünki tərəflər bir çox fundamental məsələlərdə – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsipləri üzrə ortaq mövqedən çıxış edirlər və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyirlər”.

Elman Nəsirli vurğulayıb ki, Belqradda keçirilən Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının birinci iclası münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir:

“İmzalanan 7 sənəd əməkdaşlığın yalnız siyasi sahə ilə məhdudlaşmadığını, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, turizm, enerji, “yaşıl enerji”, hərbi-texniki və humanitar istiqamətləri də əhatə etdiyini ortaya qoyur. İndiyə qədər iki dövlət arasında hüquqi normative baza 57 sənəd idi. Artıq iki ölkə arasında hüquqi-normativ baza 64 sənədi əhatə edir ki, bu da münasibətlərin institusional əsaslarının kifayət qədər möhkəm olduğunu göstərir”.

Onun sözlərinə görə, səfər çərçivəsində Bu Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq, qaz-turbin elektrik stansiyasının layihələndirilməsi və tikintisi barədə sazişlər strateji xarakter daşıyır:

“Azərbaycan Serbiyaya təbii qaz ixrac edir və 2029-cu ilə qədər 500 meqavat gücündə qazla işləyən elektrik stansiyasının istifadəyə verilməsi planı Avropanın enerji təhlükəsizliyi kontekstində mühüm əhəmiyyət kəsb edir. Bu layihədə tərəflərin bərabər – 50/50 prinsipi əsasında iştirakı münasibətlərin qarşılıqlı maraqlara söykəndiyini göstərir”.

Deputat hesab edir ki, enerji sahəsində əməkdaşlıq Azərbaycanı Balkan regionunda etibarlı tərəfdaş kimi daha da möhkəmləndirir. Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, həm də enerji infrastrukturu yaradan və investisiya qoyan ölkə kimi çıxış edir. Bu isə ölkəmizin Avropanın enerji xəritəsində rolunun genişlənməsi deməkdir.

E. Nəsirli əlavə edib ki, Medianın İnkişafı Agentliyi ilə Serbiyanın İnformasiya və Telekommunikasiya Nazirliyi, həmçinin icbari tibbi sığorta qurumları arasında imzalanan memorandumlar humanitar və sosial sahələrdə əlaqələrin dərinləşməsinə xidmət edir. Gənclər və idman sahəsində əməkdaşlıq isə gələcək nəsillər arasında qarşılıqlı anlaşmanı gücləndirəcək. Onun fikrincə, ticarət əlaqələrinin genişlənməsi də diqqətçəkəndir:

“Xidmət sahəsində ticarət dövriyyəsinin 16 dəfə artması münasibətlərin real iqtisadi nəticələr verdiyini göstərir. 2027-ci ilin mayından planlaşdırılan Bakı–Belqrad birbaşa aviareyslərinin açılması isə turizm, biznes əlaqələri və humanitar təmasları daha da sürətləndirəcək. Azərbaycan–Serbiya münasibətlərinin dinamik inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Bu amil siyasi qərarların daha operativ qəbuluna və iri layihələrin sürətli icrasına imkan yaradır. Onun qənaətinə görə, hazırkı səfər yalnız növbəti diplomatik hadisə deyil, Balkanlar regionunda Azərbaycanın mövqelərinin möhkəmlənməsi və Avropa ilə əlaqələrinin yeni mərhələyə qədəm qoyması baxımından strateji əhəmiyyət daşıyır”.