İran ABŞ-ni iqtisadi maraqlarına zərbə vurmaqla hədələdi

İran sanksiya təzyiqlərinin gücləndiriləcəyi təqdirdə ABŞ-nin Yaxın Şərqdəki iqtisadi maraqlarına qarşı cavab tədbirləri görə bilər.

Teleqraf xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Livanın “Əl-Manar” telekanalına müsahibəsində bildirib.

“ABŞ-nin İrana iqtisadi təzyiqi güclənərsə, regiondakı Amerika maraqlarına təsir edəcək əks tədbirlərlə cavab verəcəyik”, - Rezayi deyib.

O, hansı konkret tədbirlərin nəzərdə tutulduğunu açıqlamayıb.

Rezayi bildirib ki, Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiq vasitələrinə keçməsi, onun fikrincə, münaqişənin hərbi yolla həllinə yanaşmanın məhdud nəticə verdiyini göstərir.

Qeyd edək ki, “Axios” avqustun 26-da ABŞ-nin yaxın perspektivdə İrana yeni zərbələr endirməyi planlaşdırmadığını, bunun əvəzinə Tehrana qarşı sanksiyalar da daxil olmaqla digər təzyiq vasitələrinə üstünlük verəcəyini yazıb.

ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.