İran və ABŞ, Qətər və Pakistanın vasitəçiliyi ilə 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb və gələcək texniki danışıqlar üçün xüsusi mexanizm yaradıblar.
Sherg.az xəbər verir ki, Qətər və Pakistan Xarici İşlər nazirliklərinin İsveçrənin Bürgenştok şəhərində keçirilən yüksək səviyyəli danışıqların birinci mərhələsinin yekunlarına dair birgə bəyanatında bildirilib ki, görüşlər müsbət və konstruktiv atmosferdə keçib.
Tərəflər prosesin siyasi koordinasiyası məqsədilə yüksək səviyyəli komitə yaratmaq barədə razılığa gəliblər. Bu komitə əldə olunmuş razılaşmaların icrasına nəzarət edəcək, nüvə proqramı, sanksiyalar, monitorinq və mübahisələrin həlli ilə bağlı işçi qrupların fəaliyyətini əlaqələndirəcək.
Bundan əlavə, mümkün insidentlərin və anlaşılmazlıqların qarşısını almaq üçün xüsusi rabitə xətti yaradılıb. Bu xəttin əsas vəzifələrindən biri Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək olacaq.
Tərəflər həmçinin Livanla birlikdə ölkə ərazisində hərbi əməliyyatların dayandırılması rejiminə nəzarət edəcək xüsusi koordinasiya qrupu yaratmaq barədə razılığa gəliblər.
Bütün istiqamətlər üzrə texniki məsləhətləşmələr həftənin sonuna qədər Bürgenştokda davam edəcək. Vasitəçilər İran və ABŞ arasında yekun sazişin əldə olunması üçün danışıqlara dəstəyi davam etdirəcəklərini bildiriblər.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bəyan etmişdi ki, danışıqların nəticəsində İranın bəzi aktivlərinə və neft ixracına tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.
Xatırladaq ki, iyunun 18-nə keçən gecə İran və ABŞ qarşılıqlı anlaşma haqqında müvəqqəti memorandum imzalayıblar. Sənəd hərbi əməliyyatların dayandırılmasını və yeni danışıqlar mərhələsinin başlanmasını nəzərdə tutur. İsveçrədə keçirilməsi planlaşdırılan nümayəndə heyətlərinin birbaşa görüşü isə Livanda Hizbullah obyektlərinə endirilən yeni zərbələr səbəbindən iki gün təxirə salınmışdı.