İranda həyat bahalılığı ilə başlayıb hökumət əleyhinə etirazlara çevrilən aksiyalar zamanı ölənlərin sayının ən azı 544 nəfərə çatdığı, on minlərlə insanın isə saxlanıldığı bildirilib..
İranda 28 dekabr 2025-ci ildə həyat bahalılığına etiraz olaraq başlayan və sonradan hökumət əleyhinə yönələn aksiyalar davam edir. Hazırda etirazlar ölkə üzrə 186 şəhər və 31 bölgədə, 585 fərqli nöqtəyə yayılıb.
Baş verən hadisələrin fonunda BMT-nin Monitorinq Qrupu bu gün sosial media hesabında İranla bağlı çağırış edib. Çağırışda bildirib ki, dünya oyanmalıdır, BMT-də İranla bağlı təcili iclas keçirilməlidir.
Cənub qonşumuzda baş berən hadisələrlə bağlı Azərbaycanın İrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli “Sherg.az”a danışıb.
- Nəsib bəy, İranda baş verən son hadisələrlə bağlı nə düşünürsünüz?
- Öncə onu deyim ki, mən İranda baş verənlərin “iğtişaş” adlandırılmasını doğru hesab etmirəm. Çünki “iğtişaş” mənfi çalarlı sözdür və daha çox qanuna qarşı çıxmaq, sabitliyi pozmaq mənasında işlədilir. İranda isə insanlar öz haqları üçün meydanlara çıxıblar. Orada elə bir vəziyyət yaranıb ki, insanlar artıq dözə bilmirlər. Məişət problemlərindən tutmuş ideoloji məsələlərə qədər ciddi narazılıqlar mövcuddur. 47 ildir hakimiyyətdə olan molla rejimi İran əhalisini ağır vəziyyətə salıb. Paytaxtda su problemi var, işıqlar kəsilir, işsizlik artıb, işləyənlərə normal maaş verilmir. Son vaxtlar kəskin bahalaşma da müşahidə olunur. İranda yaşamaq çətinləşib. Bu, mənim yox, orada yaşayan insanların söylədikləridir.
- ABŞ lideri Donald Trampın “etirazçılara zor tətbiq edilərsə, İranı vuracağıq” açıqlamasına münasibətiniz necədir?
- Keçən ilki hadisələr göstərdi ki, ABŞ İrana zərbə endirə də bilər. ABŞ özünü dünyanın jandarmı adlandırır. Tramp bildirir ki, İran xalqını sevir, çünki onlar etiraz edirlər və mövcud vəziyyətə qarşı çıxırlar. Məncə, Trampın açıqlamalarına ciddi yanaşmaq lazımdır. Onun sözlərində xəbərdarlıq məqamları var. O, daha əvvəl də nümayişçilərə qarşı zorakılıq olacağı təqdirdə bunun cavabsız qalmayacağını bildirmişdi.
- Rza Pəhləvi haqqında nə düşünürsünüz?
- Rza Pəhləvi hazırda sıravi bir vətəndaşdır. Keçmiş İran şahının oğludur, eyni zamanda ABŞ və İsrail vətəndaşlığına malikdir. Onun İranla bağlı rəsmi vəzifəsi yoxdur.
- Proseslərin Güney Azərbaycandakı soydaşlarımıza təsiri barədə nə deyə bilərsiniz?
- Hadisələrin başlanğıcında, yəni ilk 2-3 gün ərzində Güney Azərbaycandakı soydaşlarımız ciddi aktivlik göstərmədilər. Onlar hadisələri izləyir, vəziyyətə uyğun mövqe müəyyənləşdirməyə çalışırdılar. Bir neçə gündən sonra isə Təbriz bazarı bağlandı, Ərdəbildə hadisələr baş verdi. Hazırda Güney Azərbaycanın müxtəlif bölgələrində etirazlar var. İnsanlar mövcud vəziyyətə etiraz edirlər. Bu etirazlar təkcə maddi problemlərlə bağlı deyil, həm də milli məsələlərlə bağlıdır.
“Nə şahçıyıq, nə şeyxçi,
Millətçiyik, millətçi”
“Azadlıq, Ədalət, Milli hökümət”
şüarları səsləndirilir.
Bunlar milli şüarlardır. Eyni zamanda “diktatora ölüm” çağırışları da edilir. Bu isə azərbaycanlıların İranda baş verən proseslərin bir hissəsi olduğunu göstərir.
- İranda baş verənlərin Azərbaycana təsiri nə ola bilər?
- Bu proseslər Azərbaycan dövlətinə təsir edir və edəcək. Oradakı soydaşlarımızın həyatı bizim üçün əhəmiyyətlidir. Azərbaycan cəmiyyəti bu hadisələri diqqətlə izləyir. Məzlum insanların etirazı Quzey Azərbaycanda təqdir edilir. Hər kəs bu hadisələrin millətimiz üçün xeyirli nəticələr verməsini istəyir.