İranda etirazlar köklü siyasi dəyişikliklərə səbəb olmayacaq - RƏY

Hakimiyyət təhlükəsizlik və nəzarət mexanizmlərini hələ də saxlayır

Əli Xamenei İran İslam Respublikasında baş verən kütləvi etirazlar fonunda sərt bəyanatla çıxış edib. O bildirib ki, rəsmi Tehran aksiyalar qarşısında geri addım atmayacaq və “xarici qüvvələrə xidmət” adlandırdığı fəaliyyətlərə dözümlü yanaşmayacaq.

İranın ali dini lideri bu fikirləri "Iran International" telekanalının sosial şəbəkə X-də yaydığı açıqlamada səsləndirib:

 “Hamı bilməlidir ki, İslam Respublikası geri çəkilməyəcək. Xarici güclərlə əməkdaşlıq edən və ya onların maraqlarına işləyən şəxslər həm xalq tərəfindən, həm də mövcud islam sistemi tərəfindən rədd ediləcək. İslam inqilabı qanla əldə edilib. Heç bir şəkildə bu unudulmamalıdır. İranda asayiş tam bərpa olunacaq. İran gənclərini dövlətə dəstək üçün meydanlara səsləyirəm".

Qeyd edək ki, İranın bir sıra şəhərlərində sosial-iqtisadi və siyasi tələblərlə müşayiət olunan etiraz aksiyaları genişlənib. Rəsmi Tehran isə baş verənləri xarici müdaxilə ilə əlaqələndirir.

Politoloq Sədrəddin Soltan "Sherg.az"a bildirib ki, etirazların qısa müddətdə köklü siyasi dəyişikliklərə səbəb olacağı real görünmür:

"Əli Xameneinin açıqlaması ilk növbədə etiraz aksiyalarının tənqidinə yönəlib. Əvvəlki çıxışında etirazçıları “həqiqi narazılar” və “iğtişaş törədənlər” olmaqla iki qrupa ayırsa da, bu dəfə daha çox iğtişaşçıların hədələnməsi xətti ön plana çıxır. Eyni zamanda ABŞ Prezidenti Donald Trampın bəzi açıqlamalarına ümid bağlayan etirazçılara mesaj verilir ki, bu cür gözləntilər əsassızdır. Xamenei etirazların sosial-iqtisadi səbəblərinə toxunmur, bu da çıxışın barışdırıcı deyil, daha çox xəbərdarlıq və çəkindirmə xarakteri daşıdığını göstərir. Xüsusilə gənclərə müraciət edilməsi isə onları prosesdən uzaq tutmaq cəhdi kimi qiymətləndirilə bilər.

Mövcud şəraitdə etirazların qısa müddətdə köklü siyasi dəyişikliklərə səbəb olacağı real görünmür. İran hakimiyyəti təhlükəsizlik və nəzarət mexanizmlərini hələ də saxlayır".