ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatdakı məqsədləri əvvəldən açıqlanıb və dəyişməyib: İranın hava və dəniz qüvvələrini məhv etmək, ölkədə raket və pilotsuz aparat istehsalını sıradan çıxarmaq, həmçinin raket buraxılış qurğularının sayını ciddi şəkildə azaltmaq.
Sherg.az xəbər verir ki, Rubionun sözlərinə görə, bu məqsədlər plan üzrə və hətta bəzi istiqamətlərdə qrafikdən əvvəl yerinə yetirilir və bir neçə həftə ərzində tam həyata keçirilə bilər.
Rubio müsahibəsi zamanı bu məqsədləri iki dəfə təkrar edərək Vaşinqtonun nə istədiyini dəqiq bildiyini vurğulayıb:
İranın hərbi-hava qüvvələrinin məhv edilməsi
Donanmasının sıradan çıxarılması
Raket potensialının və buraxılış qurğularının ciddi azaldılması
Yeni raket və dron istehsal edən zavodların məhv edilməsi
O qeyd edib ki, bu addımlar İranın hərbi gücə arxalanmasının və gələcəkdə nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlib.
Rubio əlavə edib ki, ABŞ bəzi istiqamətlərdə planı qabaqlayır və məqsədlərə aylarla deyil, həftələr ərzində çatacaq.
Davam edən danışıqlarla bağlı isə o bildirib ki, ABŞ Prezidenti Donald Tramp münaqişəni diplomatik yolla həll etməyə çalışır. Lakin o, İran hakimiyyəti daxilində fikir ayrılığı olduğunu da qeyd edib.
Rubionun sözlərinə görə, İran daxilində “düzgün düşünən”, lakin bunu açıq şəkildə ifadə etməyən qüvvələr var və ABŞ ümid edir ki, gələcəkdə məhz həmin qüvvələr hakimiyyətə gələcək.
Bundan əvvəl, martın 30-da Prezident Donald Tramp İranla danışıqlarda irəliləyiş olduğunu bildirmiş, lakin Hörmüz boğazı ilə bağlı razılaşma əldə olunmasa, İranın enerji və infrastruktur obyektlərinin məhv ediləcəyini demişdi.
Həmçinin bildirilir ki, ABŞ münaqişəni 2–4 həftə ərzində başa çatdırmağı planlaşdırır və bu prosesdə G7 ölkələrinin birbaşa hərbi dəstəyinə ehtiyac duymur, lakin münaqişədən sonra müttəfiqlərin dəniz əməliyyatlarına qoşulmasını gözləyir.