İranın Türkiyənin vasitəçiliyindən imtinası Xameneinin göstərişidir - POLİTOLOQ

"Halbuki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı zamanı ümumi razılıq əldə olunmuşdu"

"İrana qarşı hərbi əməliyyatlar olarsa, Türkiyə kənarda qalacaq. Həmçinin ABŞ birbaşa Xameneini aradan götürəcək”

ABŞ və İran arasında nüvə mövzusunda danışıqlar Omanda start götürüb. Tərəflərin bu gün keçirilən ilk görüşdə əsasən nüvə məsələlərini müzakirə etməsi gözlənilir. Görüşdə İran tərəfini xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ni isə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edir.

İranla ABŞ arasındakı diplomatik danışıqları şərh edən siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a bildirib ki, Omanda ABŞ–İran danışıqları müsbət nəticə verməzsə, hərbi eskalasiya ehtimalı ciddi şəkildə artacaq. O qeyd edib ki, Vaşinqtonda artıq əsas problem kimi İranın ali dini rəhbəri Əli Xamenei ön plana çıxarılır:

“ABŞ-ın vitse-prezidenti C. D. Vens son açıqlamasında İranla danışıqlarda struktur problemin mövcud olduğunu vurğulayıb. Prezidentin real səlahiyyətlərə malik olmadığını və aparılan danışıqların yekun qərarının Ə. Xamenei tərəfindən qəbul edilmədiyini açıq şəkildə ifadə edib. Bu yanaşma ABŞ-ın əsas ünvan kimi birbaşa ali dini rəhbərliyi hədəfə aldığını göstərir”.

M. Əsədullazadə əlavə edib ki, ABŞ İranla real qərarverici mərkəzlə, yəni əsas səlahiyyət sahibi olan şəxslərlə birbaşa danışmaq niyyətindədir və bunu gizlətmir:

“İndiyə qədər ABŞ-la aparılan danışıqların pozulmasında Ə. Xamenei, Əli Laricani və Əli Şamxaninin həlledici rolu olub. Xüsusilə Ə. Şamxaninin yenidən təhlükəsizlik sisteminə cavabdeh vəzifəyə gətirilməsi sərt xətt tərəfdarlarının mövqelərinin möhkəmləndiyini göstərir. Bu isə prezident və onun komandasının manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Əgər ABŞ-la danışıqlara Əli Laricani və Əli Şamxani cəlb olunarsa, müəyyən nəticələrin əldə edilməsi mümkündür. Lakin hazırkı mərhələdə islahatçıların razılaşdığı bəndlər mühafizəkar düşərgə tərəfindən faktiki olaraq bloklanır. Qeyd edim ki, İranın Türkiyənin vasitəçiliyindən imtina etməsi də birbaşa Ə. Xameneinin göstərişi ilə həyata keçirilib. Halbuki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı zamanı ümumi razılıq əldə olunmuşdu. Bu fakt Tehranda real qərarvermə mexanizminin prezident institutundan kənarda formalaşdığını bir daha təsdiqləyir. İrana qarşı hərbi əməliyyatlar olarsa, Türkiyə kənarda qalacaq. Həmçinin ABŞ birbaşa Xameneini aradan götürəcək”.