ABŞ strateji məqsədlərinə çatmaq naminə müxtəlif dövrlərdə fərqli bəhanələrlə addımlar atıb
ABŞ və İran arasında danışıqlar davam edir. Tərəflər nüvə proqramı və Hörmüz boğazı ətrafında düyünlənən problemlərə həll yolları axtarmağa çalışırlar. ABŞ-nin vitse-prezidenti Cey Di Vens, sülhə çox yaxın olduqlarını açıqlayıb. Lakin o, nüvə proqramı ilə bağlı bir neçə məsələni həll edə bilmədiklərini söyləyib. Digər tərəfdən isə axios portalı, ABŞ və İranın nüvə proqramı ilə bağlı memorandum layihəsi üzərində razılığa gəldiklərini yazır.
Sənədə əsasən, İran uran ehtiyatlarından imtina edilməsi məsələsini danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürməli və 30 gün müddətində Hörmüz boğazının minalardan təmizlənməsini təmin etməlidir. Lakin Tehran, bu məlumatı təkzib edib. Tərəflər arasında əldə olunmuş atəşkəs rejiminə baxmayaraq, mayın 28-də ABŞ tərəfindən İranın hərbi obyektinə zərbələr endirilib. SEPAH isə qisas əməliyyatı adı altında, ABŞ aviabazasına hücum edib. Göründüyü kimi, danışıqlar aparılsa da, qarşılıqlı zərbələr müharibə riskinin hələ də masada olduğunu göstərir.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev Sherg.az-a bildirib ki, Trampın İrana qarşı apardığı siyasət iqtisadi və siyasi baxımdan fiaskoya uğradı:
“Müharibənin təhlilini aparsaq görərik ki, ABŞ və İsrail dini rəhbəri qətlə yetirib, İranın strateji obyektlərini vursa da, öz məqsədlərinə çata bilmədilər. ABŞ-nin əsas məqsədi, İranda rejim dəyişikliyinə nail olmaq və öz maraqlarına uyğun siyasi sistem formalaşdırmaqdır. Onlar açıq şəkildə ABŞ-nin nəzarəti altında idarə olunan bir dövlət yaratmağı hədəfləyiblər. Yaradılacaq yeni dövlətdən Amerikan imperatorluğuna təhlükə yaradan amilləri aradan qaldırmaq üçün istifadə ediləcək. Təhlükəli amillər dedikdə, Çin, Rusiya və türk dövlətləri nəzərdə tutulub. Xüsusilə də türk dövlətlərinin səyləri ilə Turan birliyinin yaradılması ehtimalından narahat olurlar”.
Politoloqun sözlərinə görə, Tramp İranla hər hansı bir məsələdə razılığa gələn kimi bunu ictimaiyyətə “qələbə” olaraq təqdim etməyə çalışır:
“Çünki İranla müharibə ABŞ-nin beynəlxalq nüfuzuna və Trampın imicinə zərbə vurub. Hörmüz boğazının bağlanması ilə bağlı dünyada iqtisadi xaos yaşanmağa başladı. Bu isə NATO daxilində parçalanma meyillərini gücləndirdi. Trampın reytinqinin aşağı düşməsi, qarşıdan gələn Konqres seçkilərində respublikaçıların məğlubiyyəti ilə nəticələnə bilər. Buna görə də o, İranla saziş imzalamağa can atır. Hazırda zənginləşdirilmiş uranın, ABŞ-yə verilməsi üzərində müzakirələr aparılır. İran tərəfi isə onların ölkədən yalnız Çin və Rusiyaya həvalə olunması şərti ilə çıxarılmasına razı olacaq. İranda tikilən Buşehr atom elektrik stansiyasının Rusiyaya məxsus olduğu da inkar edilə bilməz”.
A.Məsiyevin fikrincə, ABŞ strateji məqsədlərinə çatmaq naminə müxtəlif dövrlərdə fərqli bəhanələrlə addımlar atıb:
“İlkin mərhələdə, İranı sanksiyalara məruz qoymaq üçün onun terrorçu qruplara dəstək verdiyini iddia etdilər. Bu plan gözlənilən nəticəni vermədiyinə görə nüvə proqramını bəhanəyə çevirib, hücuma keçdilər. Bu gün İranla saziş imzalansa belə, seçkilərdən sonra yenidən İrana qarşı təzyiq mexanimzlərini işə salacaqlar. ABŞ beynəlxalq hüquq prinsipləri ilə deyil, güc faktoruna əsasən hərəkət etdiyinə görə, hansısa sənədin imzalanması onlar üçün heç bir əhəmiyyət daşımır”.
Politoloq onu da qeyd edib ki, ABŞ vaxtilə İraqda tətbiq etdiyi siyasi kursu, hazırda İran üzərində qurub:
“Onlar İraq prezidenti Səddam Hüseynin kütləvi qırğın silahlarına sahib olduğu yalanını ortaya atıb, ölkəni işğal etdilər. Buna bir çox hadisələri nümunə çəkmək olar. Məsələn, Venesuela prezidenti və onun həyat yoldaşı bir gecədə narkotik qaçaqmalçılığı ittihamı ilə evlərindən çıxarılaraq, ölkənin təbii sərvətlərinə nəzarət ələ keçirildi. Bir sözlə, ABŞ üçün yalan iddialar üzərində “həqiqət təsəvvürü” formalaşdırmaq çox asan bir prosesdir”.